Mahmud Abbas Venesuelada səfərdə olub

Fələstin dövlət başçısı Mahmud Abbas bəzi Latın Amerika ölkələrinin səfirliklərini Qüdsə köçürməməsinə ümid etdiyini deyib.

966095
Mahmud Abbas Venesuelada səfərdə olub

Fələstin informasiya agentliyi WAFA-nın xəbərinə görə, Venesuelaya rəsmi səfər edən Mahmud Abbas burada həmkarı Nikolas Maduro ilə bir araya gəlib. Abbas görüşdə Maduroya Fələstin məsələsi ilə əlaqəli cərəyan edən son proseslər və fevral ayında Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında (BMTTŞ) açıqladığı sülh perspektivinə dair məlumat verib. Görüşdən sonra mətbuat konfransı təşkil edən Mahmud Abbas "Bu qitədən bəzi ölkələrin (Latın Amerikası) səfirliyini Qüdsə köçürməyəcəyinə ümid edirəm. Bu beynəlxalq hüquqa ziddir. Şərqi Qüds 1967-ci ildən bəri işğal altındadır və Fələstin dövlətinin paytaxtıdır. Dünya ölkələrinin bir çoxu bunu belə qəbul edir", deyib.

İsrail ilə sülh prosesinə də toxunan M.Abbas, beynəlxalq qərarlar çərçivəsində ciddi danışıqların aparılmasını arzuladığını qeyd edib və sülh prosesinə töhfə verəcək beynəlxalq bir mexanizmin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Maduro da , Fələstin xalqının işğaldan xilası, azadlıq və müstəqillik hüququnun qorunması uğrunda atılan addımlara ölkəsinin dəstəyinin davam edəcəyini bildirib.

Xatirladaq ki, ABŞ prezidenti Donald Tramp 6 dekabr 2017-ci ildə verdiyi bəyanatda Qüdsü "İsrailin paytaxtı" olaraq tanıdığını və Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi göstərişini verdiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr