Cavad Zərifin istefa qərarına təsir edən amillər

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif istefasının səbəbinı açıqlamadı, lakin ölkədə bəzi təbəqələrin xarici dövlətlərlə müzakirəni xəyanət  kimi qəbul etdiyini söylədi.

1152919
Cavad Zərifin istefa qərarına təsir edən amillər

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin istefa verməsi ölkənin gündəm məsələsinə çevrildi.

İstefa qərarından əvvəl “Cumhuri-yi İslami” qəzetinə verdiyi müsahibəsi bu gün dərc olunan Zərif xarici ölkələrlə müzakirələrin xəyanət kimi qəbul edilməsindən, çirkli pulların yuyulması və terrorun maliyyəsini qabaqlayıcı qanun layihələrinin təsdiq olinmamasından və dövlət televiziyasının yayım siyasətindən gileylənib.

Ölkədəki bəzi kəsimlərin xarici siyasətə yönəlmiş müdaxilələrinə və Xarici İşlər Nazirliyinin siyasətlərinə etibar edilmədiyinə görə narahatlığını dilə gətirən Zərif bunları söyləyib: "Xarici siyasətlə məşğul olan diplomatlara etimad göstərilməlidir. Ölkədə fikir birliyinin təmin edilməsi üçün buna ehtiyac var. Bəziləri xarici dövlətlərlə müzakirələri əhəmiyyətsiz görür, hətta bu müzakirələri xəyanət kimi qəbul edirlər".

Çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsinin qarşısının alınmasını nəzərdə tutan Maliyyə Tədbirləri üzrə İşçi Qrupuna  (FATF) üzvlüklə əlaqədar qanun layihələrinin bəzi mühafizəkar kəsimlərin təzyiqləri ilə təsdiq edilməməsinə də reaksiya göstərən Zərif: "Bu qanunun təsdiq edilməməsi nəfəsimizin kəsilməsi deməkdir. Dünya bankları ilə əlaqə qurmaq istəyiriksə, FATF-ın təkliflərini yerinə yetirməliyik" ifadələrini işlədib.

Amerika Birləşmiş Ştatlarının nüvə müqaviləsini birtərəfli şəkildə ləğv etməsindən sonra bu müqavilənin uğursuz olması səbəbindən  prezident Həsən Ruhaniyə və ona reaksiya göstərən təbəqələrə səslənən Zərif: "ABŞ prezidenti Donald Trampı qınamaq yerinə niyə xalqın seçdiyi prezidenti və xarici siyasətimizi hədəf alırsınız?" deyə soruşub.

Dövlət televiziyasının yayım siyasətinin xalqı ümidsizliyə sövq etdiyini qeyd edən Zərif dünən sosial media hesabı vasitəsilə verdiyi açıqlamada vəzifəsinə davam edə bilməyəcəyini bildirib.

Zərifin Suriya rejiminin lideri Bəşər Əsədin dünən İran dini lideri Əli Xameneyi və prezident Həsən Ruhani ilə keçirdiyi və beynəlxalq mətbuatda fotoşəkillərlə əks olunan görüşləri barəsində məlumatlandırılmadığı səbəbindən istefa verdiyi ifadə edilir.

Zərifin "Entekhab" saytı müxbirinə verdiyi müsahibədə: "Bu gün keçirilən görüşlərin fotoşəkillərdən sonra Cavad Zərifin xarici işlər naziri olaraq artıq dünyada bir etibarı yoxdur" söylədiyi bildirilmişdi.

İran parlamentinin təxminən 150 millət vəkili prezident Ruhanini Zərifi istefasını qəbul etməməyə çağırıb.

Ruhani hələ ki xarici işlər nazirinin istefasını qəbul etməyib.

Digər tərəfdən Fars Xəbər Agentliyinə müsahibə verən Xarici İşlər Nazirliyinin adı açıqlanmayan bir diplomatı Zərifin istefa qərarının arxasında Prezident Aparatı ilə Xarici İşlər Nazirliyi arasındakı koordinasiya çatışmazlığı olduğunu, lakin nazirin istefasını geri götürmə ehtimalının yüksək olduğunu bildirib.

 

 



Әlaqәli Xәbәrlәr