Hәsәn Ruhani Fәlәstin mәsәlәsini qiymәtlәndirib

Bu barәdә İran Prezident Aparatından verilәn mәlumatda bildirilib.

1117403
Hәsәn Ruhani Fәlәstin mәsәlәsini qiymәtlәndirib

İran prezidenti Hәsәn Ruhani bildirib ki, Amerika Birlәşmiş Ştatları iqtisadi sanksiyalarla Tehranı blokadaya almaq niyyәtindәdir.

Bu barәdә İran Prezident Aparatından verilәn mәlumatda bildirilib. Mәlumata görә, Fәlәstin İslam Hәrәkatının baş katibi Ziyad әn-Nahaleni qәbul edәn Hәsәn Ruhani Fәlәstin mәsәlәsi vә ABŞ-ın iqtisadi sanksiyalarını qiymәtlәndirib.

Hәsәn Ruhani ABŞ vә İsrailin bütün oyunlarına qarşı qәlәbәnin mümkün olduğunu  vә İranın ötәn 40 il әrzindә müqavimәt vә mübarizә ilә bunu göstәrdiyini deyib.

‘‘Amerika Birlәşmiş Ştatları iqtisadi sanksiyalarla Tehranı blokadaya almaq niyyәtindәdir. Bu iqtisadi müharibәdә düşmәnә qarşı qalib gәlәcәyimizdәn heç şübhәm yoxdur’’,-deyә İran prezidenti qeyd edib.

Bütün müsәlmanların Fәlәstin xalqının haqqlarına sahib çıxması, qaçqınların evlәrinә geri qayıdması  vә Qüdsün müstәqil Fәlәstin dövlәtinin daimi paytaxtı olması üçün kömәk etmәsinin vacibliyini vurğulayan Ruhani deyib: ‘‘ Fәlәstin xalqı, sionist rejim boynunu  әyәnәdәk mübarizәsini davam etdirmәlidir. Sionist rejim Ağ Evin yeni rәhbәrliyinin dәstәyi ilә bölgәni nәzarәtinә almağı planlaşdırır. Fәlәstin bu ümumi planın yalnız bir hissәsidir’’.

Ruhani bildirib ki, İsrail Madrid vә Oslo müqavilәlәrinә baxmayaraq Fәlәstin xalqının hüquqlarını qәbul etmәdi vә bu sәbәbdәn Fәlәstin xalqının öz haqqlarını әldә etmәk üçün mübarizә aparmaqdan başqa yolu yoxdur.

Qeyd edәk ki, Fәlәstin İslam Hәrәkatının baş katibi Ziyad әn-Nahale İrana etdiyi sәfәr çәrçivәsindә hәmçinin İran lideri Әli Xamenei, Xarici İşlәr naziri Mәhәmmәd Cavad Zәrif, Milli Tәhlükәsizlik Ali Şurasının baş katibi Әli Şemhani vә digәr rәsmilәrlә dә görüşüb.



Әlaqәli Xәbәrlәr