Təhqirə cavab: İranda Azərbaycan türkləri etirazlara başladı

İranın dövlət televiziyasında yayımlanan “Fitilə” adlı verilişdə Azəbaycan türklərinin təhqir edilməsi ilə bağlı bu gün Tehranda və İranın - Güney Azərbaycanın bir sıra şəhərlərində kütləvi etirazlar keçirilib.

414093
Təhqirə cavab: İranda Azərbaycan türkləri etirazlara başladı

  Azərbaycan saytlarının ("Musavat", "Karabakh" və s.) yayınladığı məlumatlara görə, xüsusilə Urmiya və Təbriz universitetlərinin tələbələri, iş adamları, milli fəallar, müxtəlif təbəqədən olan azərbaycanlıların iştirak etdiyi bu etiraz aksiyasına bu gün günorta saatlarından sonra start verilib.

  Qeyd edək ki, noyabrın 6-da dövlət telekanalının uşaqlara məxsus “Fitilə” adlı proqramda türklərin təhqir edilməsi ilə bağlı bir neçə siyasətçi, millət vəkilləri təkid edərək, İran televiziyasının türklərdən üzr istəməsini tələb ediblər. Bundan sonra televiziya üzr istəsə belə, etirazları səngitmək mümkün olmayıb.

  Təbrizdən olan millət vəkili Məhəmməd İsmayıl Səidi məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, İran telekanalında türklərin təhqir edilməsi qəsdən həyata keçirilib.

  Xatırladaq ki, noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” adlı verilişdə diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Veriliş fars dilində olsa da, bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.

  İran Azərbaycanında baş verən hadisə Azərbaycan Respublikasında, paytaxt Bakıda da təsir oyadıb: İran rejiminin qeyri-fars xalqlara qarşı apardığı assimilyasiya siyasəti kəskin şəkildə pislənib, türklərin öz milli haqları uğrunda apardığı mübarizəni alqışlanıb, dünya dövlətləri və beynəlxalq təşkilatların bu mübarizəyə dəstək verməsinə çağırılıb.

  Aksiyanın şüarları belə olub: " Haray, haray mən türkəm", "Azərbaycan əyilməz, türkün beli bükülməz", "Azərbaycan var olsun, istəməyən kor olsun". İrandakı mənbələrin bildirdiyinə görə, təkcə Təbrizdə 10.000- ə yaxın insan etirazlara qatılıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr