Müalicә vә Turizm Diyarı Türkiyә 39 / 2014

Bu gün tanıdacağımız yer İç Anadolu bölgəsinin Çankırı şəhəridir.

154665
Müalicә vә Turizm Diyarı Türkiyә 39 / 2014

Hər həftə olduğu kimi “TRT Türkiyənin Səsi” radiosunda sizə Türkiyənin turizm və tibb turizmi mərkəzlərindən bəhs etməyə davam edirik. Bu gün tanıdacağımız yer İç Anadolu bölgəsinin Çankırı şəhəridir.
İç Anadolu bölgəsinin şimalında yerləşən Çankırı şəhəri zəngin təbii, tarixi və mədəni sərvətə malikdir. Şəhərin yarım il boyu qarlı qalan dağları, torpaqlarının üçdə birini əhatə edən meşələri, bütün idman növləri üçün əlverişli imkanlara malik əraziləri var. Anadoludakı digər yaşayış məskənləri kimi Çankırı da qədim tarixə malikdir. Bura e.ə 7000-5000-ci illərdən bəri yaşayış məskənidir. Hetlər, Farslar, Bizans, Səlcuqlu və Osmanlı kimi bir çox dövlət burda hökm sürüb. Çankırı muzeyini ziyarət edərək burda yaşayan xalqların tarixi ilə tanış olmaq mümkündür.
Təbii gözəllikləri ilə məhşur şəhərdə, dünyada nadir görülən qaya duzu mağarası yerləşir. Çankırıdan 20 km uzaqda yerləşən mağara Hetlər dövründən bəri, yəni 5000 ildirki istifadə olunur. Mağara deyəndə ağlımıza kiçik sahə gəlir, lakin bura 800.000 kvadrat metr sahəyə malikdir. İçindən yük maşını yolları eləcə də çıxan duzu daşımaq üçün dəmir yolları keçir. Min illərdir duz çıxarılan yerlərdə 20-ə yaxın təbii bölmə yaranıb. Böyük sahəyə malik bu bölmələrdə duzdan düzəldilmiş heykəllər nümayiş edilir. Onlardan ən maraqlısı, 200 il əvvəl ölmüş və bu günə qədər çürümədən qalan eşşəkdir. Mağaradan çıxan duzu daşıyarkən ölən bu eşşəyin günümüzə qədər belə qalması əsl möcüzədir. Bəs bu necə olur ? Mütəxəssislər fikrincə bunun səbəbi, mağaranın antibakterial və mikrobsuz mühitə malik olmağıdır. Bakteriya və mikrob olmayan yerdə çürümə olmur. Bu səbəblə, 200 il bundan əvvəl ölmüş eşşək, dünən ölmüş kimi qalıb.
Qaya duzu mağarasına çoxlu sayda ziyarətçi gəlir. Duzdan yaranmış, müxtəlif formalardakı daşlar ecazkar mənzərələr yaradır. Qaya duzunun müalicəvi xüsusiyyətləri var. Tərkibindəki təbii iyon maddəsi astma, bronxit kimi ağciyər xəstəliklərinin müalicəsinə faydalıdır. Nəfəs yolu problemi olan xəstələr bura gəlib, bir müddət qalaraq müalicə alırlar. Mağaraya gedə bilməyənlər, emal olunmamış qaya duzundan hazırlanan lampalardan faydalana bilərlər. Evlərdə də istifadə edilən bu lampalar, nəfəs darlığı, astma, alergiya və dəri xəstləliklərinin müalicəsinə faydalıdır.
Çankırı Bələdiyyəsi dünyada fərqli üsullarla istifadə edilən duz terapiyasının bölgədə tətbiq edilməsi üçün əsaslı işlər görür. Yaxın zamanda Çankırı Qaya Duzu mağarası bu sahədə əsas turizm mərkəzinə çevriləcək.
“TRT Türkiyənin Səsi” radiosunda proqramımız davam edir. Bu gün sizə Çankırı şəhərini tanıdırıq.
Çankırının isti su qaynaqları insanlara şəfa bəxş edir. Termal mərkəzlər əsasən Qurşunlu və Çerkeş rayonlarında yerləşsə də, digər bölgələrdə də şəfalı su qaynaqlarına və mədən sularına rast gəlmək mümkündür.
Çankırının Qurşunlu rayonunda yerləşən Çavundur termal mərkəzi şəhərin əsas termal mərkəzlərindəndir. Qədim dövrlərdən bəri istifadə edilən qaynaq, rayon mərkəzindən 8 km qərbdə, Çavundur kəndində yerləşir. Təbii istiliyə malik sular bütün ağrılı xəstəliklərə faydalıdır. Yerdən 54 dərəcə istilikdə çıxan sodium bikarbonarlı sular hipertermal, hipertonik xüsusiyyətlərə malikdir. Alkalik sular qaraciyər, öd kisəsi yolları çatışmamazlığında istifadə edilir. Sular sarılıq xəstəliyindan sonra zərər görən qaraciyər, mədəaltı vəzə bağlı xroniki xəstəliklərə və podaqra xəstəliyinə də faydalıdır. Çavundur suları həm çimmək həm də içmək üçün istifadə edilir. Xroniki mədə və bağırsaq iltihabı, böyrək və sidik yolları xəstəliklərində və böyrək daşının qarşısının alınması üçün bu sulardan içmək məsləhət görülür.
Çavundur termal mərkəzinin ətrafında turizm müəssisələri yerləşir. Bura şəhər həyatından uzaqlaşıb təbiət qoynunda dincəlmək üçün ideal yerdir.
“TRT Türkiyənin Səsi” radiosunda bu gün sizə yer İç Anadolu bölgəsinin Çankırı şəhərindən bəhs etdik. Burda yerləşən 5000 illik tarixə malik Türkiyənin ən böyük duz mağarasını və Çavundur termal mərkəzini sizə tanıtdıq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr