Müalicә vә Turizm Diyarı Türkiyә 38 / 2014

İzmir-Berqama

147814
Müalicә vә Turizm Diyarı Türkiyә 38 / 2014


Bu gün sizə 2014-cü ilin iyun ayında UNESCO-nun Dünya Mədəni İrsi siyahısına əlavə edilmiş İzmir şəhərinin Bərqama rayonundan bəhs edəcəyik.
Əgə bölgəsində İzmir’dən 100 km şimalda yerləşən Bərqama rayonu tarix boyu bir çox mədəniyyətin beşiyi olmuş qədim yaşayış məskənidir. Bura tarixi ilə yanaşı gözəl təbiəti və şəfalı, təbii qaynaqlari ilə məşhurdur. E.Ə 4000-cü illərdə qurulan şəhərin ən parlaq dövrü e.ə 3-cü və 2-ci əsrlərdə bölgədə hökm sürmüş Perqamon krallığının paytaxtı olduğu vaxt olub. Bu dövrdə şəhərdə saray, məbəd, teatr, qüllə və şəhər ətrafı qala divarları inşa edilib. Qədim dövrdə Bərqama sənət, memarlıq, şəhərsalma, tibb, elm və mədəniyyət kimi sahələrdə inkişaf etmişdi və bir çox yeniliyin ilk burda baş verdiyi yer idi.
Qədim dövrün ən əsas elm və tibb mərkəzi sayılan “Asklepion” Bərqamada yerləşirdi. E.Ə 4-cü əsrdə qurulan və bizim eranın 5-ci əsrinə qədər xidmət verən bu tibb mərkəzi dünyada tibbin inkişafına bir çox töhfələr verib. Bura tibb və əczaçılıq elmlərinin simvolu sayılan ilan işarəsinin kəşf edildiyi, psixoterapiyanın ilk dəfə tətbiq edildiyi və yuxu gətirici dərmanların ilk dəfə hazırlandığı və istifadə olunduğu yerdir. Qədim dövrdə Bərqama’nın əhəmiyyətli bir tibb mərkəzi olduğunu sübut edən Asklepion’un giriş qapısı günümüzdə “Viran Qapı” adlanır və hələ də dağılmadan qalıb. Həmin dövrdə bu qapının üstündə “Bütün ilahların müqəddəsliyi üçün Asklepion’a ölüm girə bilməz” yazısı vardı. Bu səbəblə rahiblər xəstələri elə həmin qapının qabağında müayinə edirdi və ölümcül xəstələrin, hamilələrin içəri girməsi qadağan idi. İçəri buraxılan xəstələr 1 km yol gedərək meydana çatıb, günümüzdə də içilə bilən şəfalı sulardan həm içib, həm də onlarda çimib daha sonra isə müayinə olunurdular.
1 xəstəxana, 1 kitabxana eləcə də 1 amfiteatrın yerləşdiyi Asklepion’da əsas müalicə üsulları təmizlik, ibadət, yuxu və təlqin etmə idi. Psixoloji xəstəliklərin müalicəsi xəstələrin yuxu otaqlarında yatızdırılması ilə aparılırdı və onlara gördükləri yuxu əsasında təlqin etmə üsulu tətbiq edilirdi. Fiziki xəstəliklərin müalicəsində isə isti və soyuq palçıq vannaları, şəfalı otlar, bitki yağları ilə edilən masajlar, qan aldırma, bağırsaq boşaltma və günəş terapiyası kimi üsullardan istifadə edilirdi. Tapılan kitabələrdə burda idman və musiqi üsulu ilə də müalicə aparıldığı da qeyd olunub.
Günümüzdə bu müalicə üsulları bizə hər nə qədər qəribə gəlsə də bu tibb mərkəzi o dövrün ən əsas tibb ocağı idi.
TRT Türkiyənin Səsi radiosunda bu gün sizə İzmir’in Bərqama rayonunu tanıtmağa davam edirik. Bərqama termal qaynaqlar baxımından da zəngin bir yerdir. Onlardan ən məşhuru “Kleopatra” və ya digər adı “Gözəllik” adlanan termal mərkəzdir. 2500 ildir işlənən bu termal mərkəz Asklepion’da isti su ilə müalicənin başladığı ilk yerdir. Bərqama’ya 4 km uzaqda yerləşən bu termal mərkəz Bərqama kralı Eumenes dövründə qurulub və adı əsrlər boyu “Asklepion hamamları” olub. Rəvayətə görə, Misir şahzadəsi Kleopatra burada çimirmiş və buranın adı elə ondan qalıb. Əsrlərdir ağızdan ağıza yayılan bir hekayəyə əsasən, Bərqama krallarından birinin qızı hamıdan gözəl olmaq üçün can atırdı. Bir gün o, çobanın qızının ondan daha da gözəl olduğunu eşidir və öyrənir ki, həmin qız Bərqamanın cənubunda yerləşən isti su qaynağında çimdikdən sonra gözəlləşib. Kralın qızı dərhal ora gedərək çimir və gözəlliyinə gözəllik qatır. Saraya qayıdanda qızının gözəlliyinə mat qalan kral həmin su qaynağının olduğu yerdə hamının istifadə etməsi üçün bir mərkəz tikdirir. Termal mərkəzin adı “Gözəllik” qoyulur. Misir şahzadəsi Kleopatra bu hadisəni eşidir və oraya gələrək bir neçə gün bu termal məzkəzdə qalır. Onun gəlişindən sonra buranın adı “Kleopatra Gözəllik” termal mərkəzi adlandırılır.
Yaşıllıq bir sahədə yerləşən termal mərkəz keçmişdə olduğu kimi günümüzdə də insanlara şəfa bəxş edir. Sodyum bikarbonat və sulfat tərkibli sular yerdən 35 dərəcə istilikdə çıxır. Buranın suları yel, ürək və dəri xəstəliklərinin tamamlayıcı müalicəsində istifadə edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr