Müalicә vә Turizm Diyarı Türkiyә 36 / 2014

Qərbi Anadoluda, Gediz ovalığının bərəkətli torpaqlarında qurulan Manisa şəhəri tarix boyu bir çox mədəniyyətin beşiyi olub

134072
Müalicә vә Turizm Diyarı Türkiyә 36 / 2014

“Türkiyədə Səhiyyə və Turizm” proqramında bu gün sizə Orta Anadolu bölgəsində, ucu bucağı görünməyən bir düzənlikdə yerləşən Yozqat şəhərini tanıdacayıq. Şəhəri qısa tanıtdıqdan onun Sarıqaya, Sorqun, Boğazlıyan və Yerköy rayonlarında yerləşən isti su qaynaqlarından bəhs edəcəyik…
İç Anadolu bölgəsində yerləşən Yozqat şəhəri ecazkar təbiəti, qonaqpərvər insanları, tarixi və mədəniyyəti ilə Türkiyənin özünəməxsus xüsusiyyətlərə malik şəhərlərindən biridir. Burada ilk məskunlaşma 5000 il əvvəl başlayıb. Buna sübut olaraq, Sorqun rayonunun “Alişar” kurqanında tapılan əsərləri misal göstərmək olar. Tapılan tarixi əsərlər şəhərin e.ə 23-12-ci əsrlərdə hökm sürmüş Het dövlətinin əsas şəhəri olduğunu göstərir. Hetlərin paytaxtı Hattuşaş yaxınlığında yerləşən Yozqat, keçmişdə sıx məskunlaşma bölgəsi idi. Hetlərdən sonrakı dövrlərdə də şəhər məhşur idi. Friqiya, Fars, Roma, Bizans, Səlcuqlu və Osmanlı kimi dövlətlər burda hökm sürüb. Şəhərin hər yerində bu dövrlərə aid tarixi əsərləri görmək mümkündür.
“Türkiyədə Səhiyyə və Turizm” proqramı davam edir. Bu gün sizə Yozqat şəhərini tanıdırıq. 5000 illik tarixə malik şəhər isti su qaynaqları ilə də məhşurdur. Sarıqaya, Sorqun, Boğazlıyan və Yerköy rayonlarında yerləşən termal mərkəzlər keçmişdən bəri insanlara şəfa bəxş edir.
Şəhərdən 77 km cənub-şərqdə yerləşən Sarıqaya rayonunun mərkəzindəki termal qaynaqlar Yozqatın məhşur yerlərindən biridir. Keçmişdə “Aquae Sarvenae” və ya “Bazilika Therma” adlanan Sarıqaya rayonunda Roma dövründə aid bir çox tarixi əsərlərlə yanaşı çoxlu sayda yazılı sənəd aşkar edilib. Arxeoloji qazıntılarda Roma dövründən qalan böyük daşlarla örtülü divar qalıqları, şəhəri əhatələyən qala divarlarının təməlləri, sütunlar və sütun başlıqları tapılıb. Günümüzdə istifadə edən termal mərkəzin kəmərli sıraları və üstündəki buğa başlı bəzəklər də o dövrdən qalıb.
Sarıqaya termal mərkəzi haqqında ağızdan-ağıza yayılan bir rəvayət var. Rəvayətdə Roma krallarından birinin qızının pis xəstəliyə tutulduğu deyilir. Həkimlər onun dərdinə çarə tapa bilmirdilər. Çarəsiz qalan krala Sarıqayadan çıxan palçıqlı və isti suyun xəstə heyvanları sağaltdığından və insanlara şəfa verdiyindən danışırlar. Kral həmin bölgəyə gəlir və günümüzdə qalıqları qalan bir hamam inşa etdirir. Hamamın üstündəki günəş, buğa və dəfnə motivləri isti suyun gücünü və təsirini əks etdirir.
48 dərəcə istilikdə çıxan və oliqometal sular qrupuna daxil olan termal sular keçmişdə olduğu kimi bu gündə insanlara şəfa bəxş edir. Sarıqaya suları xüsusilə yel, bel ağrıları, oynaq, fibromiyalgiya və toxuma xəstəliklərinin müalicəsinə faydalıdır.
Sorqun termal mərkəzi isə şəhərin 34 km şərqində yerləşir. 50-60 dərəcə istiliyə malik sular həm içmək həm də çimmək üçün işlədilir. İstanbul Universiteti Tibb fakültəsinin Tibbi Ekoloji Hidroklimatologiya bölməsinin apardığı təqdiqatlara əsasən Sorqun suları yel, qadın xəstəlikləri, maddələr mübadiləsinin pozulması kimi xəstəliklərin tamamlayıcı müalicəsinə faydalıdır. Bu sulardan içmək böyrək daşlarının müalicəsinə də xeyirdir.
Proqramımız davam edir. Yozqat şəhərinin termal mərkəzlərini tanıtmağa davam edirik.
Şəhərin digər məhşur isti su qaynağı isə Boğazlıyandır. Rayon mərkəzinə 3 km məsafədəki Bahariyə kəndində yerləşən termal mərkəzin suları bikarbonat, xlor, sulfat və radioaktiv tərkibə malikdir. 32-44 dərəcə istilikdə çıxan sular yel, sümük, qadın xəstəlikləri, bronxit, nəfəs, öd kisəsi, qaraciyər, mədə xəstəliklərinin müalicəsinə faydalıdır. Bölgə suları ürək-damar, əsəb, oynaq, qidalanma problemlərinə də xeyirlidir.
Yerköy termal mərkəzi də şəhərin məhşur yerlərindən biridir. Şəhərdən 41 km qərbdə yerləşən Yerköy termal mərkəzi rayon mərkəzindədir. Sular 44 dərəcə istilikdə çıxır və xlor, sulfat tərkiblidir. Səhiyyə Nazirliyinin apardığı tədqiqatlara əsasən bölgə sularının əsəb, qadın, yel və dəri xəstəliklərinin müalicəsinə faydalı olduğu təsdiqlənib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr