“Özlərindən başqa hamıya insan haqları dərsi verənlər məsuliyyət daşımalıdır”, R.T.Ərdoğan

20 İyun Ümumdünya Qaçqınlar Günü münasibətilə Türkiyə prezidenti deyib...

2002068
“Özlərindən başqa hamıya insan haqları dərsi verənlər məsuliyyət daşımalıdır”, R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan hər zaman insanlıq və qonşuluq borcunu yerinə yetirən Türkiyənin qaçqınların sağ-salamat, könüllü və qürurla vətənlərinə qayıtmasını dəstəklədiyini və bunun üçün lazımi işlərin görüldüyünü söyləyib.

  20 İyun Ümumdünya Qaçqınlar Günü münasibətilə Türkiyə prezidenti deyib: “Dünyanın müxtəlif yerlərində insanlar terror, qarşıdurma, vətəndaş müharibəsi, aclıq və qıtlıq kimi səbəblərdən köç etmək məcburiyyətində qalır. Bizim qeyri-qanuni miqrasiya və qaçqınlar məsələsində mövqeyimiz ölkəmizin təhlükəsizliyi ilə yanaşı, insanların həyatını və ləyaqətini də qorumaqdır.

  Əsrlər boyu heç bir ayrı-seçkilik etmədən zülmdən qaçanların yanında olan millətimiz Suriyadan Ukraynaya qədər ərazidə baş verən böhranlar qarşısında bir daha eyni vicdanlı mövqeyi nümayiş etdirdi.

  Hər zaman humanitar və qonşuluq borcunu yerinə yetirən Türkiyə sığınacaq axtaranların təhlükəsiz, könüllü və qürurla vətənlərinə qayıtmalarını dəstəkləyir və bunun üçün lazımi işlər görür.

  Qərb ölkələrində kök salan, zəhərli sarmaşıq kimi digər cəmiyyətlərə yayılan, qaçqınlara qarşı nifrət sözləri, neonasist ideologiyası, islamafobiya və ksenofobiyanı rədd edirik. Öz irqindən, mədəniyyətindən və inancından başqa heç kimi adam hesab etməyən bu xəstə zehniyyət mənəvi dəyərlərə və bəşəriyyətin ümumi gələcəyinə təhlükədir.

  Kökləri müstəmləkəçilikdən qaynaqlanan təkəbbürlü düşüncə tarix boyu sivilizasiyalar beşiyi olan Aralıq dənizinin son illər nəhəng bir qaçqın məzarlığına çevrilməsinə səbəb olub. Keçən həftə Ege dənizində baş verən və çoxu uşaqlar olmaqla yüzlərlə günahsız insanın həyatını itirdiyi humanitar faciə bunun ən son və utancverici nümunəsidir.

  Beynəlxalq ictimaiyyət, xüsusilə özlərindən başqa hamıya insan haqları və demokratiya dərsi verən ölkələr artıq məsuliyyəti öz üzərinə götürməlidir.

  Qaçqın problemi miqrasiya və məcburi köçkünliyə səbəb olan şəraiti mənbədə aradan qaldırmaqla həll edilə bilər”.



Әlaqәli Xәbәrlәr