Terror təşkilatlarının Türkiyəyə qarşı törətdikləri cinayətlər əsla cavabsız və cəzasız qalmayacaq

Bunu Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Prezident Aparatında keçirdiyi mətbuat konfransında bildirdi

1054213
Terror təşkilatlarının Türkiyəyə qarşı törətdikləri cinayətlər əsla cavabsız və cəzasız qalmayacaq

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın  Prezident Aparatında mətbuat konfransı keçirdi.

Konfransda çıxış edən sözcü Türkiyənin Münbiç yol xəritəsinin plana uyğun şəkildə, hər hansı bir gecikmə olmadan tətbiqini gözlədiyini söylədi.

Münbiç yol xəritəsinin əhəmiyyətli bir razılaşma olduğunu və Türkiyənin buna riayət edəcəyini bildirən Kalın sözünə belə davam etdi:

"Amma paralel olaraq Amerika Birləşmiş Ştatları rəhbərliyinin separatçı terror təşkilatı PKK-nın Suriya qolu olan YPG və PYD ilə əlaqəni davam etdirməsi bizim üçün ciddi bir narahatlıq mənbəyidir. Bir tərəfdən Münbiç yol xəritəsini həyata keçirərkən, o biri tərəfdən YPG və PYD-yə hər növ silah, maliyyə, siyasi və media dəstəyinin davam etdirilməsi qəbuledilməzdir. Münbiçdə müştərək nəzarət fəaliyyəti üçün aparılan işlər başa çatmaq üzrədir. TSQ amerikalı həmkarları ilə sahədə bunu koordinasiya edir. Çox yaxın bir zamanda həm müştərək təlim, həm də müştərək nəzarət fəaliyyətləri başlayacaq".

 Kalın Suriya və İdlib məsələsində terrorizmlə mübarizənin bütün yükünün Türkiyənin çiyinlərinə yüklənməsinin ədalətli və düzgün olmayacağını vurğuladı.

Prezident Aparatının sözçüsü Türkiyənin İdlibdə qurduğu 12 nəzarət məntəqəsi ilə bağlı olaraq  hərbi kömək üçün lazımi addımların bundan sonra da atılacağını bildirdi.

 Kalın İdlibdə silahlardan təmizlənmiş 15-20 kilometr dərinlik sahəsinin yaradılacağı, digər terror amillərinin buradan çıxarılacağı, bunların tərki-silah ediləcəyi məsələlərində Milli Kəşfiyyat Təşkilatı, TSQ və Xüsusi Təyinatlı Qüvvələrin koordinasiyalı şəkildə ruslarla birlikdə sahədə çalışdığını söylədi.

Milli Kəşfiyyat Təşkilatı və əlaqədar təhlükəsizlik qurumlarının xaricdə terror təşkilatlarına qarşı apardığı əməliyyatların qətiyyətlə davam etdiriləcəyini qeyd edən Kalın: "Hansı terror təşkilatı hansı metoddan istifadə edərsə - etsin, kimlə sahədə əməkdaşlıq edirsə-etsin, Türkiyəyə qarşı törətdikləri cinayətlər əsla cavabsız və cəzasız qalmayacaq "dedi.



Әlaqәli Xәbәrlәr