“İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda konfrans işə başlayıb

Tədbirdə Türkiyə, Azərbaycan, Rusiya və Bolqarıstandan olan görkəmli ilahiyyatçı alimlər və rəsmi şəxslər İslam həmrəyliyi mövzusunda müzakirələr aparırlar.

813488
“İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda konfrans işə başlayıb

Sentyabrın 25-də İstanbulda “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbirdə əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.

Konfrans Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyə Diyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət və Mədəniyyət Tədqiqatları Mərkəzi (IRCICA) və Mərmərə Universiteti tərəfindən birgə təşkil olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən elan edilmiş “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərdən sonra İstanbulda təşkil olunan konfransda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, elm və din xadimlərindən ibarət geniş nümayəndə heyəti təmsil edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Sonra IRCICA baş direktorunun müavini Sadik Ünay Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın konfrans iştirakçılarına müraciətini çatdırıb.

Tədbirdə Türkiyə, Azərbaycan, Rusiya və Bolqarıstandan olan görkəmli ilahiyyatçı alimlər və rəsmi şəxslər İslam həmrəyliyi mövzusunda müzakirələr aparırlar.

Beynəlxalq konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, elan edilən “İslam Həmrəyliyi ili” çərçivəsində Bakıda, Finlandiyada, Rusiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərdən sonra belə mötəbər tədbirin dünyanın paytaxtı olan İstanbulda təşkil olunmasının əhəmiyyətindən danışıb. O, beynəlxaq tədbir çərçivəsində Azərbaycan və Türkiyənin İslam coğrafiyası üçün əhəmiyyətli layihələrə imza atacağını deyib.

Türkiyə Diyanət İşləri başqanı Əli Ərbaş çıxışında iki ölkə arasında dostuq-qardaşlıq əlaqələrinin İslam dinində və hədislərində də öz əksini tapdığını deyib. O, Azərbaycanın İslam dininə göstərdiyi diqqət və qayğını yaxından izlədiklərini qeyd edib: “Təkcə Bakıda 1993-2000-ci illər arasında 8 məscid tikilib. 1999-cı ildə ibadətə açılan Şəhidlik məscidi və İlahiyyat məscidi Bakının ürəyində, Xəzərin sahilində müsəlmanların ibadət yeridir. Elə o məscidlərin bağlanacağı söz-söhbətlərinin yerinə orda namazların qılınması və azan səsinin yüksəlməsi ilə biz burda hüzura qovuşuruq”.

Tədbirdə Türkiyə baş nazirinin müavini Bekir Bozdağ, Milli Məclisin Parlamentlərarası dostluq qurpunun rəhbəri Əhliman Əmiraslanov, ilahiyyatçılar və din adamları çıxış edib.



Әlaqәli Xәbәrlәr