Mövlud Çavuşoğlu: "Məzhəbçilik ümmətimizi parçalayır"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İslam coğrafiyasında qardaşlar arasındakı müharibələrin böyük ağrı-acılaralara səbəb olduğunu dedi.

469592
Mövlud Çavuşoğlu: "Məzhəbçilik ümmətimizi parçalayır"

Nazir Çavuşoğlu İstanbul Konqres Mərkəzində keçirilən, İslam Əməkdaşlıq Təşkilatının 13-ci sammitinə hazırlıq mahiyyəti daşıyan Xarici İşlər Nazirləri Şurasının İclasında üzv ölkələrin nümayəndələrinə müraciət etdi.

Çavuşoğlu çıxışında: "Məzhəbçilik ümmətimizi parçalayır. Vətəndaş müharibələri və silahlı münaqişələr sülh və rahatlığımızı təhdid edir. Terror və ekstremist cərəyanlar sabitliyimizi hədəf alır. Nəticədə ən böyük zərəri günahsız müsəlmanlar görür. Bu, qəbuledilməz vəziyyətdir. Bu mənzərə qarşısında səssiz qala bilmərik" dedi.

Bütün dünyanın ədalət və sülhə ehtiyacı olduğunu vurğulayan Mövlud Çavuşoğlu ən çox da İslam aləminin birlik və həmrəyliyə möhtac olduğunu bildirdi.

Çavuşoğlu sammitin sonunda qəbul ediləcək yekun bəyanatında sülh, təhlükəsizlik, sabitlik və rifah səviyyəsinə təsir edən problemlərə qarşı birgə mövqenin əks olunacağıa işarə etdi.

Sammitin ən mühüm nailiyyətlərindən birinin "İƏT-2025:Fəaliyyət Planı" sənədinin olacağını ifadə edən Çavuşoğlu bu hədəflərin əməkdaşlıq və həmrəylik ilə əldə olunacağını, Türkiyənin də bu məsələ ilə əlaqədar məsuliyyəti öz üzərinə götürəcəyini dedi.

Suriyadakı vəziyyətə toxunan Xarici İşlər naziri dünya tarixinin ən böyük fəlakətlərindən birinin Suriyada baş verdiyini qeyd edərək Əsəd rejiminin zülmünün insanlığa utanc halına gəldiyini bildirdi.

Çavuşoğlu Cenevrə bəyannaməsi əsasında Suriya xalqının gözləntilərinə cavab verəcək bir siyasi dəyişikliyin ən qısa müddətdə həyata keçirilməsinə ümid etdiyini dilə gətirdi.

57 üzvü olan İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammiti bu il 14-15 apreldə İstanbulda keçiriləcək.

"Adalət və Sülh naminə Birlik və Həmrəylik" münasibətilə keçiriləcək builki sammitdə İslam dünyasının qarşılaşdığı risklər və təhlükələr və bunların həlli yolları müzakirə olunacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış nitqi ilə başlayacaq sammitdə İƏT-in dönəm sədrliyini də Türkiyə öz üzərinə götürəcək.



Әlaqәli Xәbәrlәr