Hulusi Akar və Zakir Həsənov “TurAz Şahini - 2021” taktiki-uçuş təlimlərini izləyib

Təlimlərin keçirildiyi ərazidə fəxri qarovulun iştirakı ilə Azərbaycan nümayəndə heyətinin təntənəli qarşılanma mərasimi olub.

1706238
Hulusi Akar və Zakir Həsənov “TurAz Şahini - 2021” taktiki-uçuş təlimlərini izləyib

Milli müdafiə naziri Hulusi Akarın dəvətilə Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak etmək üçün Konyaya gəliblər.

Təlimlərin keçirildiyi ərazidə fəxri qarovulun iştirakı ilə Azərbaycan nümayəndə heyətinin təntənəli qarşılanma mərasimi olub.

Sonra “TurAz Şahini - 2021” birgə təlimlərinin gedişi, yerinə yetirilən tapşırıqlar barədə yüksək səviyyəli qonaqlar üçün brifinq təqdim edilib. Brifinqdən sonra iki qardaş ölkənin müdafiə nazirləri çıxış ediblər.

Milli müdafiə naziri Hulusi Akar çıxış edərək birgə təlimlərin keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib. İkitərəfli hərbi əməkdaşlığın inkişafının vacibliyini bildirən H.Akar bu təlimlərin hərbçilərimizin təcrübə qazanması üçün çox vacib olduğunu, iki ölkə arasındakı hərbi əməkdaşlığın xalqlarımız və ölkələrimizin təhlükəsizliyinə və bölgədəki sabitliyə yönəldiyini xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov da təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri dövlət başçılarımızın rəhbərliyi ilə uğurla davam etdirilir. Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Vətən müharibəsində də qardaş Türkiyənin mənəvi dəstəyini xüsusi vurğulayan müdafiə naziri Türkiyə tərəfinə minnətdarlığını bildirib. Nazir, həmçinin birgə təlimlərin hərbi pilotların bilik və bacarıqlarının daha da artırılmasına xidmət etdiyini vurğulayıb.

Hər iki nazir təlim iştirakçıları tərəfindən yüksək peşəkarlıq və bacarıq nümayiş etdirildiyini, həmçinin qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini yüksək qiymətləndirərək iştirakçılara xidmətdə daha böyük uğurlar arzulayıblar.

Sonda qonaqlar təlimlərin praktiki hissəsini izləyiblər.



Әlaqәli Xәbәrlәr