Qəhrəman qadınlarımız: Sabiha Gökçen (mətin və audio)

Bu gün sizə “Qəhrəman qadınlarımız” silsiləsindən Sabiha Gökçendən danışırıq, mətni Sevda Mirzə oxuyub təqdim edir

2082724
Qəhrəman qadınlarımız: Sabiha Gökçen (mətin və audio)
Sabiha Gökçen_02.jpg

Qəhrəman qadınlarımız: Sabiha Gökçen

 

  "Böyüyəndə nə olmaq istəyirsən?" – deyə müəllimi soruşdu Səmadan. Cavab qızcığazın ağzından fişəng kimi çıxdı, “Pilot olmaq istəyirəm” dedi, həyəcandan qara gözləri işıldayırdı. Bu zaman Səmanın cəmi 6 yaşı var idi, amma təyyarəyə ilk mindiyi gündən pilot olmaq istəyirdi.

  Kəndində hava gözəl olanda dostları ilə otların üstündə uzanıb səmada buludları seyr edərdi. Onlar buludları heyvanlara və ya müxtəlif cisimlərə bənzətməyə çalışır, Səma da havada uçan quşu, təyyarəni və onların qoyub getdiyi ağ izləri axtarırdı. Quş kimi qanad açıb uçmaq istəyirdi.

  Bugünkü həyəcanının qaynağı məktəbdəki təqdimat idi. O və dostları böyüyəndə hansı işlə məşğul olmaq istədikləri barədə kiçik bir təqdimat edirdilər. Məktəbdəki bütün müəllimlər, uşaqlar və işçilər balaca Səmanın pilot olmaq istədiyini bilirdi.

Ancaq xəyallarla dolu qız birdən heç gözləmədiyi halda pərt oldu. Əlində təyyarə maketi tutaraq pilot olmaq arzusunu dostlarının qarşısında bölüşərkən uşaqlardan biri "Qızlar pilot ola bilməz!" dedi. Uşaqlar arasında mübahisə başladı. Bəziləri “Ola bilər, niyə olmasın?” desə də, bəziləri “Mən görməmişəm” deyirdi. Müəllim uşaqları sakitləşdirsə və hər kəsin istənilən peşə ilə məşğul ola biləcəyini izah etsə də, nəticəsiz qalırdı. Səma isə yerində donub dayanmışdı: baş verən hər şeyi, hər kəsi hərəkətsiz seyr edirdi. Gözündən yanağına yaş süzüldü.

  Evə gələndə əli-qolu yanına düşmüşdü. Anası qızında fərqi hiss etdi. Soruşdu, amma cavab ala bilmədi. Sonra yenidən ev işlərinə yönəldi.

  Səma fikrə qapılıb uzaqdan təyyarə modelinə baxırdı. Nənəsi qıza yaxınlaşdı və dedi: “Bilirsənmi, vaxtilə Sabiha Gökçen adlı bir pilot var idi, Türkiyənin ilk qadın pilotlarından. Dünyanın ilk qırıcı pilotu kimi həm türk qadınlarının, həm də ölkəmizin fəxarətinə çevrildi”.

  Nənənin sözləri bitər-bitməz balaca qız birdən xoşbəxtlikdən uçar kimi qalxıb nənəsini bərk-bərk qucaqladı. Qadın nəvəsin qəlbində nələr yaratdığını anlamasa da, ona qarşılıq verdi, bağrına basdı, başını sığalladı.

  Araya bir anlıq sükut çökdü. Balaca qız başını qaldırıb iri gözləri ilə nənəsinə baxdı, “Nənə, mənə Sabiha Gökçendən danışa bilərsənmi?” deyə soruşdu. "Əlbəttə, mənim gözəl qızım" deyə gülümsündü.

  Sabiha Gökçen 1913-cü ildə Bursada dünyaya göz açıb. Qətiyyətli qız idi, nə istədiyini çox yaxşı bilirdi. Cəmi 12 yaşında ikən bütün cəsarətini toplayıb Bursaya səfəri zamanı o vaxtkı Türkiyə başçısı Mustafa Kamal Atatürkün yanına getdi və maraqlı bir xahiş etdi: təyyarəyə minmək istəyirdi. Ana-atasını erkən yaşlarda itirdiyi üçün vəziyyəti çətin, oxumaq imkanı yox idi. Atatürk bu qətiyyətli qızı oxutmaq qərarına gəldi və qardaşının icazəsilə onu övladlığa götürdü. Beləliklə, Sabihanın arzusu xəyallarını keçərək gerçəkləşməyə başladı.

  Səma özünü saxlaya nənəsindən “Bəs necə pilot oldu?” soruşdu. Nənə təmkinlə cavab verdi: “Balaca xanım, bu işlər ilk növbədə, səbr tələb edir. Bunu bilmək lazımdır”. Sonra sözünə davam etdi: “Sabiha Gökçen göylərin qızı kimi tanınır. Amma ora qədər hələ çox uzun bir yol var. Balaca Sabihanın həyatı Atatürkün yanına gəldikdən sonra dəyişdi. Məktəb təhsilini başa vurdu. O vaxtlar indikindən fərqli olaraq heç kimin soyadı yox idi. 1934-cü ildə Türkiyədə “Soyad qanunu” qəbul edildi və bütün vətəndaşlara soyad verildi. Atatürk Sabihaya Gökçen soyadını verdi. “Gökçen” - göy kimi, göyə aid deməkdir.

  1935-ci ildə Atatürklə birlikdə izlədiyi uçuş nümayişi onu çox təsirləndirmişdi. Mənəvi atasına “Mən onların yerində olmaq istəyərdim” demişdi. Atatürk Sabihaya “Sənin cəsarətini bəyəndim” deyərək onu pilot olmağa həvəsləndirdi. Sabiha Gökçen 4 may 1935-ci ildə Türkiyə Hava Qurumunun “Türk Kuşu” Mülki Aviasiya Məktəbinə ilk qız tələbə kimi daxil oldu. İki il sonra (1937) iştirak etdiyi bir hərbi əməliyyat sayəsində “Dünyanın ilk qadın qırıcı pilotu” adını qazandı. Üstündən təxminən 60 il sonra (1996) ABŞ tərəfindən “Dünya aeronavtika tarixinə adını yazdıran 20 pilotdan biri” seçildi və tarix kitablarına düşdü.

  Nənəsinin nağılları, oxuduqları, öyrəndikləri Səmanın pilot olmaq arzusunu daha da artırmışdı. Artıq böyümüşdü. Uşaqlıq arzusu gerçəkləşirdi. Bu gün reaktiv (Jet) pilot təliminin ilk günü idi. Nənəsinin bu sözləri qulaqlarında səsləndi: “Sən əzmlə çalışdıqca, özünə inandıqca hər şeyi edə bilərsən. Boy-buxun, fiziki güc vacib deyil. Sabiha Gökçen incə qadın idi, amma adını tarixə qızıl hərflərlə yazdırmağı bacardı!”  

  Sabiha Gökçen haqqında Səmanı ən çox təsirləndirən bir məqam da onun son uçuşunu 1996-cı ildə - 83 yaşında etməsiydi.

  Bu gün onun adı hava limanında yaşayır. 2001-ci ildə İstanbulun Anadolu yaxasında açılan hava limanına Sabiha Gökçen adı verilib.

  Türkiyənin ilk qadın pilotu – ilk döyüş pilotu heç vaxt unudulmayacaq.

  Səma reaktiv pilot hazırlığının ilk dərsinin keçiriləcəyi sinif otağının qarşısına yarım saat tez gəldi. Gecikməyi sevməzdi. Ona bir gənc ona yaxınlaşdı, “Bağışlayın, siz də dərsə gəlmisiniz?” deyə soruşdu. "Bəli" deyə Səma cavab verdi və gülümsədi. “Mənim adım Uğur. Çox məmnun oldum" dedi gənc. Bundan sonra Səma özünü təqdim etdi. Qarşısında dayanan bu gənc dedi: “Səma xanım, mənim sizə üzr borcum var. Sizi görən kimi mənə tanış gəldiniz. Bəlkə yadınızda deyil. Biz eyni məktəbdə oxumuşuq. Pilot arzunuzu dilə gətirəndə mən “Qızlar pilot ola bilməz” demişdim. Məni bağışlayın. Arzunuzdan vaz keçmədiyiniz üçün sizi təbrik edirəm”.

  Səma qulaqlarına inana bilmədi, eşitdiklərindən çox təsirləndi, Uğurun üzrxahlığını sakitcə qəbul etdi, çünki indi onun köhnə yarası sağalmışdı.



Әlaqәli Xәbәrlәr