Qəhrəman qadınlarımız: Nənə Xatun

Hekayәmizi canı vә qanı bahasına vәtәni uğrunda mübarizә aparan qәhramanlara vә qəhrəman türk qadınının simvoluna çevrilən Nənə Xatuna həsr etmək istəyirik.

2142355
Qəhrəman qadınlarımız: Nənə Xatun

Qəhrəman qadınlarımız: Nənə Xatun

Ərzurumda şəhərə baxan bir təpənin üzərində yerləşdirilmiş heyrətamiz qadın heykəli var.

İlk baxışdan geyimindən, baş örtüyündən klassik Anadolu qadını olduğu anlaşılır. Lakin heykəli həqiqətən diqqətəlayiq edən onun geyimindən çox duruşudur. Bir əlində balta, kürəyində isә körpəsi olan bu qadın həm ana, həm də döyüşçü kimi qarşısındakılara meydan oxuyur. Güclü duruşu ilə Ərzurumun keşikçisi kimi qorxmadan uzaqlara baxır.

O, üzərindəki paltarı ilə tipik bir Anadolu qadınını, ancaq belindəki kəmərlə yüksək rütbəli türk əsgərini, döyüşçünü xatırladır.

Günəşli bir yay günündə Ərzurumu ziyarət edən bir qrup bu heykəlin qarşısında toplaşmışdı. Sonra bələdçi danışmağa başladı:

“Gördüyünüz bu qadın Nənə Xatundur.  Biz onu türk qadınlarının qəhrəmanlıq simvolu kimi tanıyırıq. İndi mən sizə 19-cu əsrin sonlarında yaşamış bu qadın haqqında məlumat vermək istəyirəm''.

Nənə Xatun xəyal deyil, o, həqiqətən yaşamış qəhrəmandır.

Nənə Xatun 1857-ci ildə Ərzurum şəhər mərkəzindən 25 kilometr aralıda yerləşən Çəpərli kəndində anadan olub. Anasının adı Zeliha, atasının adı isə Hüseyn olub. O, 16 yaşında ikən evləniblər.

 “93-cü il müharibəsi” kimi tanınan Osmanlı-Rusiya müharibəsi 1877-ci ilin aprelində başlayıb. O zaman Nənə Xatun 20 yaşlı 2 uşaqlı  gənc bir qadın idi.

Ruslar Qarsı nəzarətinə keçirdikdәn sonra Ərzuruma doğru irəliləməyə başladılar.

Rus əsgərləri 1877-ci il noyabrın 8-nə keçən gecə Əziziyə hərbi məntəqəsini ələ keçirdi. Bu xəbər səhər saatlarında  Ərzurumda yayıldı. Bunu eşidәn xalq daş, kürək və çubuqlarla Osmanlı əsgərlərinə kömək etmək üçün mübarizəyə dəstək verdi. Onların arasında Nənə Xatun da var idi.

Rəvayətə görə, qardaşı müharibədən yaralı halda evə qayıdıb və həmin gecə evdə dünyasını dəyişib. Bu olaydan sonra  Nənə Xatun körpəsini bir daha əmizdirib, öpüb, qoxlayıb və sağollaşaraq “Allah səni mənə verdi, mən də səni ona əmanət edirəm” deyib. Baltasını əlinə alan Nәnә Xatun  әrzurumlularla cəbhəyə gedib.

Müharibə Osmanlının böyük məğlubiyyəti ilə nəticələnsə də, sözügedən dövrdə әrzurumluların fərasətli və sədaqətli mübarizəsi ilə düşmən qüvvələri dəf edilib və şəhər süquta uğramayıb. Beləliklə, təkcə Ərzurum deyil, bütün Anadolu böyük təhlükədən xilas olub.

Cümhuriyyət dövründə 1934-cü ildə qüvvəyə minən ‘’Soyad Qanunu’’ ilə Nənə Xatuna "Kırkgöz" soyadı verilib. Nənə Xatun 4-ü oğlan, 2-si qız olmaqla 6 uşaq dünyaya gətirib. Onun hər iki oğlu da I Dünya Müharibəsi dövründə şəhid olub.

Nənə Xatunun bu qəhrəmanlıq hekayəsi 1937-ci ildə jurnalist İsmail Həbib Sevükün 93-cü il müharibəsi haqqında yazdığı məqalə ilə bütün Türkiyəyə yayılıb. Məqalədə Nene Xatun "Uzun boylu, ağ saçlı, boz gözlü gözəl qadın" kimi təsvir edilib.

1952-ci ildə NATO Ordularının Baş Komandanı, amerikalı general Ridqvey Ərzurum və ətraflarında yoxlamalar apararkən Nene Xatunu ziyarət edərək onun əlini öpüb.

Bu əfsanəvi türk qadını 1955-ci ildə 98 yaşında sətəlcəm xəstəliyindən dünyasını dəyişib. Cənazəsi rəsmi mərasimlə Əziziyə Şəhidlər xiyabanında  dəfn olunub.

Nәnә Xatun 1952-ci ildə “III Ordunun nənəsi'' və  ölümündən bir neçə ay əvvəl Türkiyə Qadınlar Birliyi tərəfindən “İlin anası” seçilib.

Bundan əlavə, Əziziyyə hərbi məntəqəsinin yerləşdiyi ərazidә  ‘’Nənə Xatun’’ adına  tarixi milli park salınıb.

Heykəlin qarşısındakı camaat heyrətlə bələdçini dinləyirdi. Bələdçi amerikalı generalın həmin gün Nәnә Xatuna bir sual ünvanladığını deyib. Nene Xatuna Amerikalı generalın verdiyi sualı belə cavablandırıb:“Mən o zaman vəzifəmi yerinə yetirmişdim. Bu gün dә yaşıma baxmayaraq, eyni xidməti daha mükəmməl şəkildə göstərmək üçün gücüm və həyəcanım var''

Hekayәmizi canı vә qanı bahasına vәtәni uğrunda mübarizә aparan qәhramanlara vә qəhrəman türk qadınının simvoluna çevrilən Nənə Xatuna həsr etmək istəyirik.



Әlaqәli Xәbәrlәr