Qaracaoğlanın şeir dünyası türk xalqının iç dünyasıdır

Türk xalq ədəbiyyatının söz incilərini yaradan Anadolu ozan sənəti.

791182
Qaracaoğlanın şeir dünyası türk xalqının iç dünyasıdır

                Vara, vara vardım ol qara daşa,

                Həsrət qoydun məni qohum-qardaşa.

                Səbəb gözdən axan bu qanlı yaşa:

                Bir ayrılılq, bir yoxsulluq, bir ölüm.

                Qaracaoğlan deyər ki, könlüm köçülməz,

                Acıdır, əcəl şərbəti içilməz.

                Üç dərdim var, bir-birindən seçilməz:

                Bir ayrılıq, bir yoxsulluq, bir ölüm.

        Təmiz, duru bir türkcədə sənət inciləri yaradan, söz dünyası ilə zamanın sərhədlərini aşan, böyük türk aşıq sairi Qaracaoğlan dünyasınadır səyahətimiz. (Musa Eroglunun ifasında “Kulak verdim dört köşeyi dinledim” türküsü səslənir.)

        350 ildir onun türküləri dodaqdan-dodağa qonub, könüllərə sevgi paylayır. XVII yüzilliyin qudrətli saz, söz ustadı nəğmələrilə bütün türk xalqları arasında şöhrətlənib, ölməzlik qazanıb. Qaracaoğlanın sazı, sözü, dadlı-duzlu türküləri üç əsr yarımdır ki, özü kimi eldən elə ayaq açıb, dodaqlardan dodaqlara qonub, gönülləri oxşayır. Beştelli cürəsini sinəsinə basıb oba-oba, oymaq-oymaq dolanan, gəzərgi həyat keçirən Qaracaoğlan ölməz nəğmələr söyləyib, ürəkləri ovlayıb, qəmli könüllərə işıq salıb, təsəlli olub.

  Anadolu elatı yaylaqlara köç edərkən elin qiz-gəlinləri, dəliqanlı oğulları dillər əzbəri Qaracaoglan türkülərindən oxuya-oxuya, deyişə-deyişə təzə yurda oba salıblar. 350 ildir ki, Qaracaoğlan türküləri qanad çalıb Yer üzünü dolanmaqdadır. İllər ötdükcə ölməzləşən, yaşayan, yaşadıqca isə tamlaşan, şirinləşən bu nəğmələr türk ruhunun, xalq hikmətinin daşıyıcısıdır.

        Qaracaoğlanın həyatını araşdıran alimlərin fikrincə, o, təxminən 1606-cı ildə Türkiyənin Mut elinin Cukuroba deyilən mahalında tanınmış Sayıloğlu nəslinə mənsub ailədə dünyaya gəlib. Yayı Anadolu yaylaqlarında, qışı kənddə keçirən Qaracaoğlan el-oba məclislərində gəzib dolanaraq hər addımda görüb-götürmüş - Anadolunun o dövrkü savadlı adamlarından yazıb-oxumagı və elmin sirrlərini öyrənmişdi.

  Tərəkəmə elatının gün-güzəranı ilə nəfəs alan Qaracaoğlan özü də gəzərgi bir ömür yaşayıb. Balkan ölkələrini, bütün şərq vilayətlərini, o cümlədən, İran və Azərbaycanı gəzib, şerlərində bu yerlərdən bəhs edib. Türkiyəni isə oba-oba, oymaq-oymaq dolaşaraq türk diyarının qızlarını, gəlinlərini, dağlarını, bulaqlarını, yaylaqlarını, tərəkəmə elatının adətlərini, saza, sözə baglılığını türkülərində bircə-bircə incələyib. Həyatı el-el, oba-oba gəzməklə keçən şair ən çox Şərqi Anadoluya və Çukurobaya bağlı olub. Ömrünün son illərini, kövrək çağlarını yenə Şərqi Anadoluda keçirib. Təxminən 80 il ömür sürən ulu ozan Qaracaoğlan öz doğma torpağına qismət olub, Çukurobada uca bir təpədə dəfn olunub.

                Yürü, yürü, yalan dünya,

                Sana qonan köçər bir gün.

                İnsan bir əkinə misal

                Səni əkən biçər bir gün.

  Düzlüyü, həqiqəti hər şeydən üstün tutan ölməz sənətkar gördüklərini yerindəcə nizama salıb, misralara düzüb, kamil deyimləriylə el məclislərini canlandırıb. Qaracaoğlan nəgmələrini ölməz edən onun elinə, elatına, yurduna sıx bağlılığı, xalq həyatını olduğu kimi göstərməsidir.

  Qaracaoğlan şeirlərini orta əsr türk həyatinin güzgüsüsayıblar. Onun şeir dünyası xalqın dünyasıdır.

                Qoyun mələr, quzu mələr,

                Su axıb çuxura gələr,

                Ağlayanlar bir gün gülər,

                Qəmlənmə, könül, qəmlənmə.

  Hər sözü, hər kəlməsi xüsusi ölçülər və biçimlər içində qatarlaşan qoşma və gəraylılarına hələ öz sağlığından üzü bəri neçə-neçə nəğmələr qoşulub. O bir aşıq kimi el məclislərini, bir şair kimi türk şeir dünyasının saralıb-solmayan səhifələrini bəzəyib.

  Qaracaoglan eşq, məhəbbət şairi olub. Təkcə Anadolunun yox, bütün türk aləminin gözəlləri onun qoşmalarında öz əksini tapıb. O, gözəlin qara gözlərinə, xumar baxışlarına, süzgün tamaşasına öz söz sığalını çəkib.

                Ala gözlü xallı dilbər,

                Xəlvət danış, söz edərlər.

                Söndürərlər can odunu,

                Ürəyimi buz edərlər.

        (Musa Eroglunun ifasında qaracaoglanin sözlərinə olan “Küçüksün güzəl” türküsü səslənir.)

        Qaracaoğlan irsi Türkiyədə Əli Rza Yalçın, Sadettin Nüzhe, İshak Rüfet, Zehni Ardic, Cahid Öztelli kimi dəyərli araşdırmaçı və ədəbiyyatşünaslar tərəfindən XX yüzilliyin əvvəllərindən öyrənilməyə başlanıb. Azərbaycanda isə aşıqın yaradıcılığını ədəbiyyatşünas Qara Namazov, Sədnik Paşa Pirsultanli, İsmayil Öməroğlu araşdırıblar.

  Qaracaoğlan doğma diyarı Şərqi Anadoluya məhrəm oldugu qədər Azərbaycan elləri üçün də yaxın və əzizdir. Hətta onun Gədəbəydə, Göyçə obalarında yaşaması haqqında rəvayətlər belə dolaşmaqdadır. Bəlkə də buna görə Aşıq Alı, Aşıq Ələsgərin gəraylı və qoşmalarında Qaracaoğlanın ruhu, sözü, fikir dünyasının təsiri aydın görünür.

  Bu gün də Azərbaycanda, Orta Asiyada, Türkiyədə, İranda  Qaracaoğlan nəğmələri sevilərək oxunur.

                Yar gərək yarın qeydinə

                Qala yalvara-yalvara.

                Yüz naz ilə qol-boynuna

                Sala yalvara-yalvara.

                Qaracaoğlan sözündə,

                Canan xəyalı gözündə,

                Qaldım nazlı yar üzündə

                Xala yalvara-yalvara.

                (Aşiq Zülfiyyənin ifasında “Yar gərək” musiqisi səslənir.)

        Qaracaoğlan öz yaradıcılığında sözlə musiqini birləşdirdi. Nəğmələri qanad çalıb düzü-dünyanı tutdu. Bu gün də ulu ozanın ruhu yurdunu qarış-qarış gəzir, sözü, sazı, nəğmələri türk dünyasını birləşdirir, türk ellərini sərhədsizləşdirir.

 

        İpə-sapa düzdü Gülparə Bayram



Әlaqәli Xәbәrlәr