İsrailin qeybə çəkilməkdə olan məşrutiyyəti – legitimliyi

Mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın direktoru, professor Murat Yeşiltaşın məqaləsini təqdim edirik, mətni oxuyur Sevda Mirzə

2149754
İsrailin qeybə çəkilməkdə olan məşrutiyyəti – legitimliyi

 

  İsrailin Qəzzaya hücumları fasiləsiz davam edərkən, Netanyahu administrasiyası tarixində heç vaxt görmədiyi yeni bir təcrid dövrünə düşüb. Bayden hökuməti və bir neçə Avropa dövləti istisna olmaqla, İsrailin soyqırım siyasətini açıq şəkildə dəstəkləyən ölkə qalmayıb. İsrail qlobal və regional miqyasda tamamilə təcrid olunur və bu, İsrail üçün təhlükəlidir.

  2023-cü il oktyabrın 7-dən sonra sözdə təhlükəsizliyi üçün 70 faizi qadın və uşaq olmaqla, 40 mindən çox adamı qətlə yetirən İsrail nəticələri ilə üzləşməli yeni bir prosesə girib. Bu vəziyyət  təkcə İsrail dövləti deyil, həm də yəhudilər üçün dərin təhlükəsizlik böhranına işarə edir. Netanyahu hökuməti Qəzzada barbarlığını davam etdirərsə, İsrailin təhlükəsizlik böhranını düzəltməsi qeyri-mümkün olacaq və onun dövlət mövcudluğu ilə bağlı həyati problem yaranacaq.

  7 oktyabrdan (2024) bəri İsrailin legitimlik əsasları tamamilə məhvə gedir. İsrail təkcə işğalçı deyil, həm də Beynəlxalq Ədalət Məhkəməsində “soyqırım şübhəlisi” kimi mühakimə olunan, başçıları Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbsə məhkum edilən, beynəlxalq təşkilatlardan və diplomatik münasibtələrdən təcrid olunan bir dövlətdir. Təklik və təcrid vəziyyəti iki mühüm nəticə verir: “İsrail qanuniliyi”nin itirilməsi və təhlükəsizlik böhranının dərinləşməsi.

  İsrailin varlığını problemə çevirən birinci məsələ Netanyahu hökumətinin Qəzzada yaşayan fələstinlilərə qarşı soyqırım, müharibə cinayəti və insanlığa qarşı qəddarlıqlar törətməsidir.

  Bu dövlət Qəzzada sadəcə müharibə aparmır. 7 oktyabrdan bəri İsrailin Qəzzada etdiklərinə müharibə demək sadəlövhlük olar. Çünki İsrail ordusunun hədəfində əksəriyyət qadın və uşaqlardır. Bütün metodları ilə artıq özünümüdafiə hüququnun qırmızı xətlərini keçmiş İsrail şüurlu şəkildə müəyyən etnik və dini icmanı planlı şəkildə məhv etmək məqsədinə xidmət edir. Məsələn, son zamanlar İsrailin “təhlükəsiz zona” dediyi Rəfahda mülki əhalinin istifadə etdiyi müvəqqəti sığınacağı hədəf alması düşünülmüş və məqsədli hücumdur.

  Oktyabrın 7-dən bəri törətdiyi qondarma hərbi əməliyyat kontekstində İsrail hökuməti müharibə cinayəti, qətliam və insanlığa qarşı cinayətlər edir. Bütün bu hərəkətlərinə görə İsrailin beynəlxalq hüquq cəbhəsindəki legitimliyi dərin böhranla üzləşib.

  Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar artıq İsraili “soyqırım ölkəsi” kimi tanıtmaqdadır. Məhkəmə qərarının nəticəsindən asılı olmayaraq, İsrailin Qəzza soyqırımı öz tarixi uydurmaları vasitəsilə qurduğu dövlət kimliyinə dair qlobal hekayəni pozur.

  Beynəlxalq Cinayət Məhkəməsinin İsrail rəsmiləri ilə bağlı mühakimə və həbs qərarları da İsrailin beynəlxalq hüquq cəbhəsində üzləşdiyi başqa bir problemdir. İsrail artıq BMT, həm də ondan kənarda qınaq prosesinin bir parçasıdır.

  İsrailin legitimlik böhranı təkcə beynəlxalq hüquq əsaslı soyqırım ittihamı ilə üzləşmir, qlobal və regional miqyasda diplomatik cəhətdən təcrid olunmuş bir dövlətə doğru gedir. 2023-cü ilin 7 oktyabrına qədər İbrahim Sazişi ilə regional təcridini aradan qaldırmağa çalışsa da, bu tarixdən sonra normallaşma sona çatıb və İsrail yenidən diplomatik məngənəyə düşüb. Dövlətlər İsraillə münasibətlərinə yenidən baxmağa və Fələstinlə bağlı iki dövlətli həll yolunu dəstəkləməyə başlayıblar. Məsələn, İspaniya, İrlandiya və Norveç tərəfindən Fələstin dövlətinin rəsmi tanınması İsrailin diplomatik cəbhədə uduzduğu bariz göstəricilərdən biridir. Artıq Fələstini tanıyan ölkələrin sayı 142-yə çatıb.

  İsrailin diplomatik cəbhədə tənhalaşması bir çox beynəlxalq təşkilatlar, xüsusilə də BMT tərəfindən tənqid olunması ilə başladı. Bu mənada Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Fələstinin müşahidəçi statusunu dəyişdirən yeni qətnamə qəbul etməsi İsrailin siyasətinə qarşı açıq inqilabi addımdır. Qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən hələ təsdiqlənməsə də, İsrailin Qəzzada qeyri-qanuni hərəkətlər törətdiyi artıq ört-basdır edilməz səviyyədədir. Bir çox regional təşkilatlar da İsrailin Qəzzada törətdiyi hərbi cinayətlər və soyqırım əməllərini öz gündəliklərinə daxil edib və İsrailə qarşı sərt açıqlamalar verirlər.

  Legitimliyini hüquqi və diplomatik olaraq itirən İsrail insanlıqda da məşrutiyyətini itirib. ABŞ başda olmaqla, Avropa paytaxtları və dünyanın bir çox ölkəsində İsrailə qarşı son 20 ilin ən geniş etiraz dalğaları hökm sürür, Qəzzada törətdiyi qətliama görə İsrailə dəstək verən bir çox şirkət də boykot edilir. Bəzən Birləşmiş Ştatların universitetlərində ikili standartlar ortalığı İsrailin xeyrinə məhdudlaşdırmağa çalışsa da, bu dəfə İsraillə birlikdə ABŞ kəskin tənqid hədəfi olur.

  Qısası, İsrail dərin legitimlik böhranı içərisindədir. Bu böhran həm hüquqi, həm beynəlxalq diplomatiya, həm də qlobal insan vicdanı ölçülərində yaşanır. İsrailin bu məşrutiyyəti bərpa etməsi müşküldür, çünki Qəzzada apardığı soyqırım siyasəti bəşəriyyətin yaddaşından silinə bilməz.



Әlaqәli Xәbәrlәr