Rusiya Kiyev, Lvov, Odessa və Mikolayv şəhərlərinə hava hücumları etdi

Ukrayna və Rusiya müdafiə nazirlikləri açıqlamalar veriblər ...

2119347
Rusiya Kiyev, Lvov, Odessa və Mikolayv şəhərlərinə hava hücumları etdi

 

  Rusiya Ukraynanın paytaxtı Kiyev və ölkənin qərbində yerləşən Lvov şəhərinə hava zərbəsi endirib. Hücumla əlaqədar Kiyevdə həyəcan siqnalı verilib - siren çalınıb və minlərlə adam sığınacaqlara qaçıb.

  Kiyevdə hava hücumundan müdafiə sistemləri işə salınıb. Çox sayda raket zərərsizləşdirilib, bir neçə yerdə partlayış baş verib.

  Polşa ölkənin qərbindəki Lvov şəhərinin hədəfə alınması ilə döyüş təyyarələrini təcili uçuş vəziyyətinə gətirib.

  Ukrayna Hərbi Hava Qüvvələri Rusiya ordusunun Ukraynanın Odessa və Mikolayv bölgələrinə də pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb.

  Digər tərəfdən, Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Krım yarımadasına intensiv raket hücumu edir. Sevastopol icra hakimi Mixail Razvojayev bildirib: “Şəhərdəki bütün hava hücumundan müdafiə sistemləri işləyir. Rusiya ordusu havada 10-dan çox Ukrayna raketini məhv edib, bir uşaq və bir qadın yaralanıb. Krım körpüsü müvəqqəti bağlanıb".

  Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın çoxlüləli reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə Rusiya ərazisindəki hədəflərə qarşı terror hücumu cəhdinin qarşısı alındığı bildirilib, Belqorodda 19 raketin məhv edildiyi qeyd edilib.

  Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verib və bununla da Rusiya-Ukrayna müharibəsi başladı. Putin bildirib ki, o, rəsmi Kiyevin NATO-ya daxil olmasının qarşısını almaq və onu Rusiyanın təsir dairəsində saxlamaq üçün ölkəni demilitarizasiya etmək və faşistlərdən təmizləmək niyyətindədir.



Әlaqәli Xәbәrlәr