Kaxovka bəndinin dağılmasından sonra bölgədən 1995 nəfər təxliyə edilib

Şabia Mantu iyunun 6-da Ukraynanın Xerson vilayətindəki Kaxovka bəndi və Su Elektrik Stansiyasının (SES) vurulmasından sonra son vəziyyətlə bağlı açıqlama verib.

1997495
Kaxovka bəndinin dağılmasından sonra bölgədən 1995 nəfər təxliyə edilib

Ukraynada Kaxovka bəndinin dağılmasından sonra bölgədən 1995 nəfər təxliyə edilib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Şabia Mantu iyunun 6-da Ukraynanın Xerson vilayətindəki Kaxovka bəndi və Su Elektrik Stansiyasının (SES) vurulmasından sonra son vəziyyətlə bağlı açıqlama verib.

Bölgədəki yaşayış məntəqələrinin bəndin uçması ilə su altında qalmasının dəhşətli olduğunu qeyd edən Mantu deyib:

"Ukrayna hökumətinin nəzarətində olan ərazilərdə 16 minə yaxın insan daşqından zərər çəkib, 1995 nəfər təxliyə edilib və ya ərazini tərk edib, yüz minlərlə insan isə təhlükəsiz içməli sudan məhrum olub. Bunu milli hakimiyyət orqanları bildiriblər". 

Mantu qeyd edib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı hökumət, yerli hakimiyyət orqanları və BMT-nin Humanitar Yardım Koordinatorunun rəhbərliyi ilə regionda aparılan işlərə öz töhfəsini verib.

Digər tərəfdən, BMT-nin (Dnepr) çayın hər iki tərəfindəki bütün ehtiyacı olan ukraynalılara çatmaqda qərarlı olduğu bildirilib.

BMT-nin Ukraynadakı humanitar yardım koordinatoru Denis Braunun ofisindən verilən yazılı açıqlamada Kaxovka bəndinin dağıdılmasından sonra BMT təşkilatları və humanitar yardım işçilərinin su, qida və pul yardımı etdiyi vurğulanıb:

“BMT (Dnepr) çayının hər iki sahilindəki bütün ehtiyacı olan ukraynalılara çatmaqda qərarlıdır”.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski verdiyi müsahibədə humanitar təşkilatları, o cümlədən BMT-ni Ukraynaya kifayət qədər təcili yardım göstərməməkdə ittiham edib.

BMT-nin sözçüsü Stefan Dujarriç isə gündəlik mətbuat konfransında Zelenskinin açıqlamaları ilə bağlı verilən suala "Mən burada ilk gündən Ukraynada gördüyümüz işlər barədə məlumat verdim. Biz kömək etmək üçün oradayıq" cavabını verib.

Xatırladaq ki, Ukraynanın cənubundakı Xerson bölgəsində Rusiyanın nəzarətində olan Kaxovka səddi və Su Elektrik Stansiyası ötən gün bombalarla vurulub.

Daşqın səbəbindən bölgənin böyük ekoloji fəlakətlə üzləşdiyi açıqlanıb.

Ukrayna və Rusiya bəndin vurulmasına görə bir-birini günahlandıran bəyanatlar veriblər.



Әlaqәli Xәbәrlәr