Türk Adət və Ənənələri 39 / 2014

Türk kültüründə Odla bağlı inanclar

147797
Türk  Adət və Ənənələri  39 / 2014

İnsanlar hər zaman Oda ehtiyac duyublar. Odun kəşfi insan həyatını rahatladan ən mühüm ünsürlərdən biri olub. Atəş ya bərəkət diləmək, ya da qorxulan şeylərdən qorunmaq üçün bir vasitə olaraq qəbul edilib. Buna görə bəşər övladı Oda hörmət edərək onu müqəddəs sayıb. Ümumiyyətlə, bir çox mədəniyyətlərdə Atəş işıq, pislikdən təmizlənmə və bolluq-bərəkət rəmzi hesab olunub.
Mifoloji rəvayətlər göstərir ki, qədim zamanlarda insanlar nəyə ən çox ehtiyac hiss etmiş və ya nədən daha çox təsirlənmişlərsə, onu müqəddəs olaraq qəbul etmiş və inanclar, mərasimlər yaratmışlar.
Orta Asiyada Türk inanc və fikir dünyasında Odun özünəməxsus yeri var. Göyün müqəddəsliyi fikrinə bağlı olaraq Odun da göydən endiyinə dair inanclar mövcuddur. Odla bağlı bir sıra inanc və mərasimlərin qalıqları bu gün Anadoluda da yaşayır.
Rəvayətə görə, Türklər Orta Asiyada Ergenekondan çıxmaq üçün dəmir dağı odla əridiblər. Buna görə Oda hər zaman xüsusi rəğbət göstərirlər. Xalq inancına görə, Atəş daim təmizdir, pislikləri qovar, insanları saflaşdırar və güc verər. Tarix boyu Türklər Odun təmizləyici və arındırıcı olduğuna inanıb və yoldan gələnləri pis ruhlardan və xəstəliklərdən təmizləmək üçün Odun üzərindən atılıblar.
Türklər Su kimi Odun-ocağın də bir qoruyucu ruhu olduğunu düşünüb və bu ruhla bağlı müxtəlif inanc və mərasimlər həyata keçiriblər. Bu səbəbdən Oda pis və murdar olan heç bir şeyi atmayıblar. Eyni zamanda, atəşi su tökərək belə söndürməyiblər. Çünki “od su ilə söndürülərsə, o ailənin başına pis iş gələr” inancı çox məşhur olub. Atəş əsasən kül ilə söndürülüb. Evdəki ocaqdan və ya sobadan başqasına atəş verilməsi də yaxşı əlamət sayılmır.
Atəşin ruhunu doyurmaq üçün üzərinə bişirilən yeməkdən bir az atılması ruhları məmnun etmə anlamına gəlib. Anadolunun bəzi bölgələrində indi də bu məqsədlə təzə yağdan bir az atəşin üzərinə atılır.
Ocaq ailəni simvolizə edən bir rəmzdir. Atəşin tüstüləməsi ailənin xoşbəxt və dincliyini ifadə edir. Ailə ocağı atadan kiçik oğula mirasdır. Xalq arasında uşağı olmayan ailələrə “ocaqsız”, ailənin nəslinin davamçısı vəfat edəndə isə "ocağı söndü" deyirlər.

Ümumtürklərdə atəşdən çıxan alovun rənginin yaşılımtıl, sarı, qara, ağ, qırmızı olmasına, yanarkən çıxardığı səsə, formasına, tüstüsünün şəklinə, getdiyi istiqamətə, közlərinin sıçramasına, qalmasına və sairə görə müxtəlif yozumlar var. Məsələn, “atəşin səsi insanınkı kimi çıxarsa, qonağa, külək səsi kimi vıyıldarsa, şiddətli fırtınaya işarədir” deyiblər.

Anadoluda qadınlar evdə yandırdıqları atəşdən bir parça alaraq evin bütün otaqlarını nəzərdən, pis gözlərdən, xəstəliklərdən təmizləmək üçün tütsülədərlər. Bəzi bölgələrdə yağış yağmayanda gənclər od yandıraraq ətrafına toplanar, yağmur duası edərlər. Psixoloji narahatlığı olan adamlar iki atəş arasından keçirilər.

Odun külünü belə ayaq altında qalmayacaq bir yerə tökürlər. Külə ayaq basma qismət bağlanması və uşağın olmaması kimi mənfi şərhlərə yozulub.

Təbiətin canlanması da Odla bağlıdır. “Od kainatı canlandıran günəşin Yer üzündəki davamıdır” deyirlər. Böyük tonqalların qalanması torpağın istilənib oyanması simvoludur. Geniş Türk coğrafiyasında qeyd olunan Novruz mərasimlərinin hamısında Odla bağlı mərasimlər var. Od Novruzun əsas atributlarından biridir. İnanca görə, Axırçərşənbədə od üzərindən atılanlar pisliklərdən təmizlənir, il boyu xəstələnmirlər. Digər bir mərasim də heyvanları iki Odun arasından keçirməkdir ki, bununla sanki onları qəzadan-bəladan qoruyurlar. Odun tüstüsünün də insanı nəzərdən, xəstəlikdən və pisliklərdən qoruduğuna inanılır. Odla bağlı xalq oyunları da var ki, bunlar da yenə sağlamlıq və şans gətirməyə dayanır.

Anadoluda “Od məbədi”, yəni atəşgah adlanan yerlər var ki, ətrafında alevi qadınlar dolanaraq "analar nəğməsi" oxuyurlar.

Beləliklə, Orta Asiyadan Anadoluya çox geniş bir məkan və zaman içində yayılan Od təsəvvürləri, inanc və mərasimləri insan doğumundan ölümünə qədər olan mərhələləri əhatə edir və əsas olaraq pislikdən, xəstəlikdən qorunma və təmizlənmə anlamını daşıyır.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr