10 Mart – Azərbaycan Milli Teatr Günüdür

XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması ümumtürk mədəniyyət tarixində çox böyük hadisə oldu

1596571
10 Mart – Azərbaycan Milli Teatr Günüdür

 

  XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması ümumtürk mədəniyyət tarixində çox böyük hadisə oldu.

  1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti - vəziri - xani Lənkəran” komediyası tamaşaya qoyuldu. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynadılar.

  “Sərgüzəşti - vəziri - xani Lənkəran” tamaşası ilə Azərbaycanda milli teatrın əsası qoyuldu.

  Qeyd edək ki, Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları (“Maral oyunu”, “Kilimarası”), bayram tamaşaları (“Kos-Kosa”), dini səciyyəli tamaşalar (“Şəbih”) və s. geniş yayılmışdı. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden, Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən, burada ona üç hissəli bir tamaşa göstəriblər. Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlamışdı ki, onu "Şərqin operası" adlandırmışdı.

  Azərbaycan milli teatrının inkişafında məşhur xeyriyyəçi-mesenat H. Z. Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseynqulu Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov və başqaları kimi yüzlərlə simaları yetişib.

  Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov qardaşlarının da böyük əməyi olub.

  Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində bir canlanma yaratdı. Cümhuriyyət hökümətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili olub. Bu, Azərbaycan professional teatrının dövlət teatrı statusu alması demək idi.

  Azərbaycan Dövlət Teatrının pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun “Nadir şah” faciəsinin tamaşası ilə açılıb.

  Sovet hakimiyyəti illərində də Azərbaycanda teatr sənəti inkişafından qalmayıb.

  Məhz martın 10-nu Azərbaycan milli teatrının əsası qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.



Әlaqәli Xәbәrlәr