Şeir mədəniyyət, incəsənətdir...

21 Mart – Beynəlxalq Poeziya Günüdür

1603570
Şeir mədəniyyət, incəsənətdir...

 

  1999-cu ildə YUNESKO-nun baş konfransının 33-cü sessiyasında hər il martın 21-də Ümumdünya Poeziya Gününü (World Poetry Day) qeyd etmək qərara alınmışdır.

  İlk Ümümdünya Poeziya Günü, YUNESKO-nun mənzil-qərargahının yerləşdiyi Parisdə keçirilmişdir. YUNESKO-nun qərarında deyilir: “Poeziya müasir insanın ən dərin və kəskin mənəvi suallarına cavab ola bilər, lakin bunun üçün ona daha çox ictimai diqqəti cəlb etmək zəruridir”.

  Bundan başqa, Ümumdünya Poeziya Günü kiçik nəşriyyatlara özlərini göstərmək imkanı verir, çünki məhz onların səyi ilə müasir şairlərin əsərləri oxuculara çatır. Bu bayram canlı poetik söz ənənələrini dirildən poeziya klubları üçün də bir imkandır.

  UNESKO hesab edir ki, bu gün kütləvi informasiya vasitələrində poeziyanın insanlara açıq, əsl müasir sənət nümunəsi kimi pozitiv obrazının yaradılmasına xidmət edir. Belə hesab olunur ki, ən qədim şeir-himnlər e.ə. XXIII əsrdə yaranmışdır. Şeirlərin müəllifi şairə En-hedu-ana olmuşdur. O, akkad çarı Sarqonun qızı olmuşdur. En-hedu-ana Ay tanrısı Nann və səhər ulduzu tanrıçası İnann haqqında yazmışdır.

  Bu günlə əlaqədar təhsil, mədəniyyət müəssisələrində, yaradıcı kollektivlərdə müxtəlif tədbirlər keçirilir.

  Poeziya ocağının neçə-neçə unudulmaz söz sahiblərindən biri olan sevimli Şəhriyar qəlbini, ruhunu şeirə, sözə, poeziyaya bağışlayaraq deyib:

Şeir mədəniyyət, incəsənətdir,

İncə ruh, incə zövq, incə sənətdir.

O da musiqi tək qəlbin səsidir,

Həyatın ən böyük möcüzəsidir.

  Fransız yazıçısı Anatol Frans haqlı olaraq qeyd edib ki, şeirlə insan ruhu arasında qədim bir ünsiyyət var. Buna görə də insanın sevincli və kədərli anlarında şeir həmişə onunladır.

  Bu məqamlarda Livan yazıçısı və rəssamı Xəlil Cübranın sözləri yada düşür: “Şeir qanı axan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir”.

  Rusiya şairi, Nobel mükafatı laureatı İosif Brodski isə bildirib ki, poeziya ən yaxşı sözlərin ən yaxşı düzümü deyil, poeziya dilin adi mövcudluq formasıdır.



Әlaqәli Xәbәrlәr