Vaqifin “Durnalar”ı 300 il sonra onu Türkiyəyə gətirdi

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un Ankarada yerləşən mərkəzində 18-ci əsrin görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300-cü ildünümü münasibətilə açılış mərasimi təşkil olundu.

684011
Vaqifin “Durnalar”ı 300 il sonra onu Türkiyəyə gətirdi

  2016-cı ilin dekabrında TÜRKSOY Daimi Şurasının Şəkidə keçirilən toplantısında qurumun növbəti ildə fəaliyyətilə bağlı bir sıra əhəmiyyətli qərarlar qəbul olunmuş, o cümlədən, 2017-ci il böyük Azərbaycan şairi Molla Pənah Vaqifin xatirə ili elan edilmişdi.

  Bu münasibətlə martın 2-də Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un Ankarada yerləşən mərkəzində 18-ci əsrin görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300-cü ildünümü münasibətilə açılış mərasimi və onun əsərləri və haqqında kitablardan ibarət sərgi təşkil olundu.

  Tədbir Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm Nazirlikləri, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirildi. Açılış mərasimində Azərbaycan Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türk Mədəniyyət və Miras Təşkilatının sədri Günay Əfəndiyeva, Azərbaycan Milli Kitabxanasının müdiri Kərim Tahirov, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müşaviri Nihat Gül, ədəbiyyatçı alimlər və media nümayəndələri iştirak edirdi.

  Tədbir Elnarə Kərimovanın dirijorluğu ilə TRT Ankara Radiosu Xorunun ifasında Molla Pənah Vaqifin "Durnalar" şeirinə bəstələnmiş əsərlə başlandı, şeiri Cavid Mövsümlü səsləndirdi.  

  Sonra çıxışlar başlandı. TÜRKSOY-un baş katibi Düsen Kaseinov iştirakçıları salamladıqdan sonra qurumun fəaliyyətindən, layihələrindən bəhs etdi. Molla Pənah Vaqif yaradıcılığına toxunan Kaseinov bildirdi ki, “Vaqif çoxtərəfli fəaliyyətə malik şəxsiyyət olub. Amma biz bu gün onun ancaq ədəbi yaradıcılığına toxunuruq. Əgər Vaqif 300 ildən sonra bizi belə bir toplantı ilə bir araya gətiribsə, deməli, vətəninə və ümumtürk ədəbiyyatına xidmət edən şair olub”.

  Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavinu Vaqif Əliyev də çıxışında TÜRKSOY-un layihələrinin əhəmiyyətindən danışdı: “Layihələrin çoxu Azərbaycanın tanınmış şəxsiyyətlərinə həsr olunub. Mirzə Fətəli, Əlibəy Hüseynzadə, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Şəhriyar və bu cür böyük ədiblərin yubileyləri burada keçirilib. Buna görə nazirilik və hökumətimiz adından TÜRKSOY-a minnətdarlığımızı bildirirəm. Bu, həqiqətən ümumtürk mədəniyyətinə böyük diqqətdir... Molla Pənah Vaqif həm Azərbaycan ədəbiyyatı, həm də dövlətçiliyi yolunda böyük rol oynayıb. Gənc yaşlarından elmə, ədəbiyyata böyük maraq göstərib. Öz üzərində daim işləyib. Qazaxdan Şuşaya gələndə artıq xalq onu tanıyır, hörmət edirdi. Şair kimi şöhrəti hər yana yayılmışdı. Astronomiya, riyaziyyat elmlərinə də vaqif idi. Ona görə hökmdarların da diqqətini çəkir, saraya vəzir kimi dəvət edilir. Amma o, hər şeydən əvvəl şair idi. Molla Pənah Vaqif Azərbaycan-türk ədəbiyyatına böyük yeniliklər gətirib. Əsası ərəb-fars tərkibli qəzəl janrından Azərbaycan dilli bayatı, qoşma janrına sıçrayış edərək poeziyanı romantik şeir üslubundan realizmə keçirib. Şeirlərini xalqa daha yaxın sadə Azərbaycan dilində yazıb... Vaqifi öz əsərlərində də əks etdirənlər az deyil. Yusif Vəzi Çəmənzəminlinin “Qan içində” romanı, Səməd Vurğun “Vaqif” dramı onun haqqındadır. Yaxınlarda akademik Nizami Cəfərov də şairlə bağlı monoqrafik əsər yazıb. Demək istəyirəm ki, Vaqif yaradıcılığı bu gün də yaşadılır”.

  Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da öz çıxışında həm TÜRKSOY-un fəaliyyətinə, həm də Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsinə toxunub: “Vaqifin şeirləri bütün dövrlər üçün anlaşıqlı bir Azərbaycancada yazılıb, buna görə aktuallığını qoruyur. Üç yüz il keçib, amma bu gün yazılmış kimi səslənir. Şair olmaqdan başqa, Vaiqf həm də dövlət xadimi idi, Qarabağ xanlığının daxili işlər rəhbəriydi... Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşada şairin qəbri üzərində Molla Pənah Vaqif məqbərəsi ucaldılmışdı. 1992-ci ildə isə Şuşanı işğal edən ermənilər bir sıra abidələrimiz, muzeylərimiz kimi məqbərəni də dağıtdılar.”  

  Vaqifin Şərq şeirinə yeni üslub gətirdiyinə diqqət çəkən Türk Mədəniyyət və Miras Təşkilatının sədri Günay Əfəndiyeva Molla Pənahdan Azərbaycan şeirində realizmin banisi kimi bəhs etdi: “Onun şeirlərində sevgi, gözəllik, qadına dəyər var. Özündən sonra da bu ənənələr bu günə qədər qorunur. O, Azərbaycan torpağı Qarabağın təbii gözəlliklrəindən, qızlarından ilham alaraq yazırdı. Vaqif üslubu Azərbaycan ədəbiyyatına yeni nəfəs gətiridi. Şeirlərində xalq ruhunu ifadə edən ana dili yad dillərin təsirindən qorunub... Azərbaycan prezidenti İlham Əliyev Vaqifin 300 illik yubileyi münasibətilə sərəncam imzalayıb. Biz də Türk Mədəniyyət və Miras Təşkilatı olaraq bu yolda fəaliyyətimizi davam etdiririk”.

  Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müşaviri Nihat Gül də öz çıxışında TÜRKSOY-un fəaliyyətini təqdir etdi, türk dünyasının tanınmış şəxsiyyətlərinin yubileylərinin qeyd olunmasını dəyərli addım adlandırdı, Molla Pənah haqqında bu sözləri dedi: “Vaqif ərəb və fars dilində mükəmməl bilməsinə baxmayaraq, Azərbaycan türkcəsində yazmağa üstünlük verib”.

  Çıxışlardan sonra şairin həyatından bəhs edən qısa sənədli film göstərildi. 

  Tədbir Molla Pənah Vaqif panelilə davam etdi. Panelin aparıcısı Qazi Universitetinin professoru Əhməd Bican Ercilasun idi. Paneldə Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin müavini, millət vəkili, AMEA Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli,  Avrasiya Yazarlar Birliyi sədrinin müavini, "Qardaş Qələmlər" jurnalının redaktoru Ali Akbaş, Azərbaycan Milli Kitabxanasının müdiri Kərim Tahirov şairin həyat və yaradıcılığından bəhs edən məruzələrlə çıxış etdilər. Eyni zamanda, Azərbaycan alimləri türkiyəli disertantlara üz tutaraq təklif etdilər ki, “Türkiyədən ilk dəfə olaraq türk dünyasının böyük şairi Vaqif yaradıcılığına üz tutsunlar, tədqiq etsinlər, bu mövzuda Azərbaycan universitetlərində dosentlik, professorluq dərəcələri alsınlar, Azərbaycan alimləri hər dəstəyi göstərməyə hazırdır.”

  Karabük Universiteti Ədəbiyyat fakültəsinin müəllimi Yıldız İsmayılova Vaqifin şeirini kırğız, TÜRKSOY-un Qazaxıstan təmsilçisi Əsgər Turqanbayev qazax, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Zülfiyyə İsmayılova Azərbaycan və aşıq Səlahəddin Dündar Türkiyə türkcələrində söylədilər.  

  Çıxışçılara mükafat və hədiyyələr verildikdən sonra xatirə fotosu çəkildi.

   Qeyd edək ki, “2017 Molla Pənah Vaqif ili”nin ikinci tədbiri martın 3-də Türkiyənin Sakarya şəhərində keçiriləcək.

 



Әlaqәli Xәbәrlәr