Bu gün Bakıda Formula 1 Azərbaycan Qran-Prisi start götürəcək

Bakı iyunun 10-dan 12-dək sayca altıncı dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcək.

1840788
Bu gün Bakıda Formula 1 Azərbaycan Qran-Prisi start götürəcək

Bu gün Bakı yenidən dünya avtoidman həvəskarlarının diqqət mərkəzinə çevrilib.

Bakı iyunun 10-dan 12-dək sayca altıncı dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcək.

Formula 1 üzrə dünya çempionatının cari mövsümü 22 mərhələdən ibarətdir ki, onun da səkkizinci Qran-Prisi Bakıda təşkil olunacaq. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Formula 1 üzrə dünya çempionatında hərəsində iki bolid olmaqla 10 komanda iştirak edir. Yeddi mərhələdən sonra pilotların sıralamasına 125 xalla Maks Ferstappen (“Red Bull Racing”) liderlik edir. Avstriya komandasının digər pilotu Serxio Peresdir. İtaliyanın “Ferrari” komandasının heyətində isə Şarl Lekler və Karlos Saynz birincilik uğrunda mübarizə aparırlar. “Mercedes”də Cors Rassell, Luis Hamilton, “McLaren”də isə Lando Norris və Daniel Rikkardo çıxış edirlər. Valtteri Bottas, Cou Quanju “Alfa Romeo”da, Esteban Okan və Fernando Alonso “Alpine”də mübarizə aparırlar. Kevin Maqnussen, Mik Şumaxer “Haas”da, Yuki Sunoda, Pyer Qasli “AlphaTauri”də, Sebastyan Fettel, Lens Stroll “Aston Martin”də, Aleksander Albon və Nikolas Latifi isə “Williams”ın heyətində Bakı şəhər halqasında yarışacaqlar.



Әlaqәli Xәbәrlәr