İsrail ordusunun Qəzza zolağına hücumları davam edir

İsrail ordusunun Qəzza zolağının mərkəzi hissələri ilə Qəzza şəhərində köçkün fələstinlilərin sığındığı məktəbi hədəf alması nəticəsində ən azı 56 nəfər həyatını itirib.

2083536
İsrail ordusunun Qəzza zolağına hücumları davam edir

İsrail ordusunun Qəzza zolağının mərkəzi hissələri ilə Qəzza şəhərində köçkün fələstinlilərin sığındığı məktəbi hədəf alması nəticəsində ən azı 56 nəfər həyatını itirib.

Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrində evlərə, məscidlərə və köçkün fələstinlilərin sığındığı məktəblərə qarşı bombardmanlarını davam etdirir.

İsrailin hücumlarında həyatını itirən 40 fələstinlinin cənazəsi və 100-ə yaxın yaralı Qəzza zolağının mərkəzi hissələrindəki Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasına aparılıb.

İsrail döyüş təyyarələrinin Qəzza şəhərində köçkün fələstinlilərin sığındığı Lulu Abdulvehhab əl-Katimi məktəbini hədəf alması nəticəsində ən azı 16 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.

Bundan əlavə, İsrail ordusu Qəzzanın mərkəzi hissələrindəki Nusayrat qaçqın düşərgəsindəki Mərkəzi Təhsil Müdirliyi və Xalid bin Vəlid məktəbinin ətrafını fosfor və tüstü bombaları ilə hədəfə alıb.

İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah şəhərinin şərqini və Nusayrat qaçqın düşərgəsinin şimalını haubitsalarla bombalaması və Deyr əl-Belahdakı Nusayrat və Büreyc qaçqın düşərgələrini və evləri hədəf alması nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. 

İsrail qüvvələri də Qəzzanın cənubunda Xan Yunus şəhərinin şərqindəki Man bölgəsində Dəvat məscidi və bir çox evi bombalayıb.

Qeyd edək ki, "Həmas"ın silahlı qanadı İzzəddin Əl-Qəssam Briqadaları oktyabrın 7-də “Əqsa məscidi başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” məqsədi ilə İsrailə qarşı hərtərəfli hücuma keçib.

İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 9 min 100-ü uşaq, 6 min 500-ü qadın olmaqla 21 min 978 fələstinli həlak olub, 57 min 697 nəfər isə yaralanıb. Dağıntılar altında minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur məhv edilir.

İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 172-si quru işğalı prosesində olmaqla 506 əsgərinin öldürüldüyünü açıqlayıb.

Münaqişələrə noyabrın 24-də 4 gün müddətinə verilən, daha sonra isə daha 3 gün uzadılan “humanitar fasilə” zamanı 81 israilli və 240 fələstinli məhbus qarşılıqlı azadlığa buraxılıb. Digər tərəfdən, İsrail minlərlə fələstinlini saxlamağa və həbs etməyə davam edib.

İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələri və işğalçı yəhudilərin hücumları nəticəsində 319 fələstinli həyatını itirib.

İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabrdan bəri sərhəddə davam edən qarşıdurmalarda 28 livanlı mülki vətəndaş, 134 Hizbullah üzvü, 5 İsrail vətəndaşı və 9 İsrail əsgəri həlak olub.



Әlaqәli Xәbәrlәr