Kuba dövlət başçısı İranda

Bu, Fidel Kastrodan 22 il sonra İrana ilk dövlət başçısı səfəridir

2072444
Kuba dövlət başçısı İranda

 

  İran prezidenti İbrahim Rəisi bildirib ki, ölkəsinin Kuba ilə əməkdaşlığı ABŞ-ın sanksiyalarına qarşı çıxmağa kömək edə bilər.

  İran Tələbələr Xəbər Agentliyi – İSNA-nın məlumatına görə, İ.Rəisi iki günlük səfəri çərçivəsində paytaxt Tehranda olan Kuba dövlət başçısı Migel Mario Diaz-Kaneli Səadət Abad sarayında rəsmi mərasimlə qarşılayıb.

  Nümayəndə heyətləri arası və ikitərəfli görüşlərdən sonra iki ölkə başçısının iştirakı ilə elm, texnologiya, səhiyyə, kənd təsərrüfatı, enerji, mədənçıxarma və kommunikasiya sahələrində anlaşma memorandumları imzalanıb.

  Təşkil edilən birgə mətbuat konfransında çıxışında İbrahim Rəisi Kuba ilə əlaqələrin 1979-cu il İran inqilabından sonra inkişaf dövrünə qədəm qoyduğunu bildirərək deyib: "ABŞ sanksiyalar tətbiq etməklə ölkələrimizin inkişafını dayandırmağı planlaşdırırdı. Bu, onların yanlış fikri idi. İki ölkənin əməkdaşlıq çərçivəsində imkanlarının qiymətləndirilməsi və inkişaf etdirilməsi sanksiyaları səmərəsiz edir.

  Biz İsrailin Qəzzaya hücumları ilə bağlı da fikir mübadiləsi apardıq. Bir daha bu qərara gəldik ki, iki ölkə Fələstin xalqının yanında olmaq əzmlərini nümayiş etdirmək əzmindədir.

  Beynəlxalq ictimaiyyət İsrailin döyüş maşınını durdurmalıdır."

  Kubanın dövlət başçısı Diaz-Kanel də öz növbəsində çıxış edərək bunları söyləyib: “Fidel Kastrodan 22 il sonra bu, İrana ilk dövlət başçısı səfəridir. Bu səfər İranın Yaxın Şərqdə dost ölkə olduğunu göstərmək və uzunmüddətli hədəflərimizə çatmaq istəyimizi vurğulamaq üçün həyata keçirilib.

  ABŞ-ın Kubaya tətbiq etdiyi iqtisadi sanksiyalara qarşı ölkəmiz İranla əməkdaşlığından məmnundur”.

  İsrailin Qəzzaya hücumlarına da toxunan Diaz-Kanel deyib: "İsrailin qadın və uşaq daxil olmaqla, minlərlə insanı qətlə yetirməsini qınayırıq. Ən qısa zamanda atəşkəs əldə edilməli və müstəqil Fələstin dövlətinin qurulması üçün şərait yaradılmalıdır”.



Әlaqәli Xәbәrlәr