“Bu əməliyyat elə-belə hücum deyil, müharibədir”, B.Netanyahu

“Həmas”ın blokada altındakı Qəzza zolağından İsrailə qarşı raket hücumları nəticəsində ölənlərin sayı 250-ni, yaralananlar 1100-ü keçib

2047683
“Bu əməliyyat elə-belə hücum deyil, müharibədir”, B.Netanyahu

 

  “Həmas”ın blokada altındakı Qəzza zolağından İsrailə qarşı raket hücumları nəticəsində ölənlərin sayı 250-ni keçib.

  İsrail mərkəzli “Kanal 13” “Həmas”ın silahlı qanadının başladığı hücumlarda 250-dən çox israillinin öldüyünü açıqlayıb. Bildirilib ki, ölkə üzrə yaralananların sayı 1100-ü keçib.

  Oktyabrın 9-da İsraildə məktəblərdə təhsil dayandırılacaq.

  İsrail Müdafiə Qüvvələri (İDF) “Həmas”ın “Əqsa tufanı” əməliyyatına qarşı "Dəmir qılınclar" əməliyyatına başladığını açıqlayıb.

  İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib ki, ölkənin ərazisinə 2200-dən çox raket atılıb və “Həmas” hava, dəniz və qurudan sızmağa cəhd edib.

  İsrail İctimai Yayım Korporasiyasının – KAN-ın xəbərinə görə, müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin xidmətə çağırılması ilə bağlı fərman imzalayıb. O, Qəzza zolağı ətrafında 80 kilometr radiusda olan ərazini hərbi zona elan edərək bildirib: "Həmas” böyük səhv etdi və İsrailə qarşı müharibəyə başladı. İsrail bu müharibədə qalib gələcək".

  İsrailin milli təhlükəsizlik naziri, ifrat sağçı İtamar Ben-Qvir hüquq-mühafizə qüvvələrinə əlavə səlahiyyətlər verən “Mülki fövqəladə vəziyyət” elan edildiyini açıqlayıb. Bununla yanaşı, o, könüllü polislərin sayının artırılmasını əmr edib.

  İsrail polisi Qəzza ətrafındakı İsrail yaşayış məntəqələrindəki vətəndaşlardan çölə çıxmamalarını və evlərində qalmalarını istəyib.

  Fələstinin rəsmi agentliyi “WAFA”nın məlumatına görə, İsrail İordan çayının qərb sahilindən Şərqi Qüdsə giriş-çıxışları və bəzi keçid yollarını bağlayıb.

  “Haaretz qəzeti”nin xəbərinə görə, təxminən 60 silahlı fələstinli İsrailin 14 ayrı-ayrı bölgəsinə daxil olub.

  Ordu radiosu ölkənin cənubundakı Şaar HaNegev şəhərinin meri Ofir Liebsteinin fələstinlilərlə silahlı qarşıdurmada öldüyünü açıqlayıb.

  İsrail prezidenti İsaak Herzoq “X” sosial media hesabından verdiyi açıqlamada "İsrail çətin bir dövrdən keçir" deyərək israilliləri ordu qüvvələrinin göstərişlərinə qulaq asmağa, qarşılıqlı etimad və sakitlik nümayiş etdirməyə çağırıb.

  İsrail Xarici İşlər Nazirliyi "Həmas”ın hücumlarına qarşı İsrailin özünü qorumaq üçün hər şeyi edəcəklərini bildirib.

  İsrailin baş naziri Benyamin Netanyahu xalqa video-müraciətində deyib: "Biz müharibədəyik. Bu əməliyyat elə-belə hücum deyil, müharibədir. Düşmənə qarşı görünməmiş güclə döyüşəcəyik”.



Әlaqәli Xәbәrlәr