Körfəzdə ciddi gərginlik

Daha iki ölkə Qətər ilə diplomatik əlaqələrini kəsdiyini elan edib.

745923
Körfəzdə ciddi gərginlik

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin Qətərlə diplomatik münasibətləri kəsməsi Körfəzdə ciddi gərginliyə gətirib çıxardı.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi “ölkənin milli təhlükəsizliyi üçün” qəbul edilən qərar barəsində bildirib ki, Dohanın açıq və gizli olaraq həyata keçirdiyi pozuntular, terror təşkilatlarına quçaq açaraq onlara dəstək olması, mətbuat orqanlarında terror təşkilatlarını təbliğ etməsi, Katif vilayətindəki İran irtibatlı terror aktlarını dəstəkləməsi, radikalların ölkəsində yerləşdirilməsi, Yəməndəki Husi partizanları dəstəkləməsindən sonra qərar qəbul edilmişdir. 

Açıqlamada ölkə vətəndaşlarının Qətərə səyahəti və ölkədə davamlı yaşaması ilə qətərli vətəndaşların Səudiyyə Ərəbistanına getməsi və transiz hava limanlarından istifadə edilməsi qadağan olunub.

Açıqlamada o da vurğulanıb ki, Səudiyyə Ərəbistanıda olan Qətər vətəndaşları təhlükəsizliyə görə 14 gün ərzində ölkəni tərk etməlidir. Bu qərardan Həcc və Ümrəyə gedəcəklər təsirlənməyəcək.

Birləşmiş Ərəb Əmirliklərinin rəsmi xəbər agentliyi ENA-da dərc olunan Xarici İşlər Nazirliyinin açıqlamasında isə, Qətər ilə bütün diplomatik əlaqələri kəsdiyi, ölkədəki qətərli diplomatlarin 48 saatda, Qətər vətəndaşlarının isə 14 gün ərzində ölkəni tərk etməsinin vacibliyi, BƏƏ vətəndaşlarının isə Qətərə səyahətinin qadağan olunduğu bildirilib.

Misir Xarici İşlər Nazirliyi də düşməncə mövqeyinə görə Qətər ilə diplomatik münasibətlərini kəsdiyini bildirib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, Qətər Əl Qaidə və DEAŞ fikrini yayır, Sinay yarım adasındakı terror təşkilatlarını dəstəkləyir və həmçinin Misir və digər ərəb ölkələrinin daxili işlərinə müdaxilə edir.

Bəhreynin Xarici İşlər Nazirliyi isə ölkənin təhlükəsizliyinə görə Bəhreynin Qətər ilə bütün diplomatik əlaqələrini kəsdiyini elan edib. Nazirliyin internet saytında yer tutan açıqlamada bildirilib ki, Dohadakı diplomatik missiyalar geri çağırıldı və Qətər diplomatlarının da ölkəni tərk etmələri üçün 48 saat müddət verildi.  

Daha iki ölkə Qətər ilə diplomatik əlaqələrini kəsdiyini elan etdi.

Yəmən və Liviya da Qətəri terrora dəstək verməkdə və regionun sabitliyini pozmaqda ittiham edən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreynə qoşulub.

Rəsmi Sana Qətəri Yəmən ərazisində ekstremist qruplara dəstək verməkdə günahkar adlandırıb.

Yəmən Qətərin beynəlxalq koalisiyadan çıxarılmasına dair qərarı da dəstəklədiyini bildirib.

Qətərdən ilk açıqlamanı isə xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani yayıb.

Al Sani “nahaq şəkildə qəbul edilmiş qərardan üzüntü duyduqlarını” bildirib.

ABŞ dövlət katibi Reks Tillerson bir sıra Körfəz ölkələrinin Qətər ilə diplomatik əlaqələri kəsdiyini elan etməsindən sonra region dövlətlərini birliyə çağırıb: Tərəflərin fərqliliklərindən danışmasını dəstəkləyirik. Körfəz Əməkdaşlığı Şurası birlik olaraq qalmalıdır.

Qətərin rəsmi xəbər agentliyi “QNA” mayın 23-ü gecə Qətər əmiri Şeyx Tamim bin Hamad əl Saniyə isnad edilən “ABŞ əleyhinə və İrana dəstək olan” bəyanatlar yaymışdı. Açıqlamalar qısa müddətdə mediada geniş yayılmışdı.

Bundan bir neçə saat sonra bəyanat yayan Qətər hökumətinin Telekommunikasiya İdarəsinin direktoru Şeyx Seyf bin Əhməd Al Sani “QNA” saytının kiber hücuma məruz qaldığını elan etmişdi. Qətər Xarici İşlər Nazirliyinin açıqlamasında da “QNA”nın kiber hücuma məruz qaldığı və yayımlanan xəbərlərin həqiqəti əks etdirmədiyi, media orqanlarından bu açıqlamalara diqqət yetirməmələrini istəmişdi.

Qətərin açıqlamalarına baxmayaraq BƏƏ və Səudiyyə Ərəbistanı mətbuatı Al Saniyə isnad edilən açıqlamalardan istifadə etməyə davam etmişdi. Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani isə mayın 25-də təşkil etdiyi mətbuat konfransında media vasitəsi ilə ölkəsini hədəf götürən bir kampaniya olduğunu bildirərək, “Mövzuyla əlaqəli istintaq davam edir, ancaq bunda Qətəri hədəf ötürən bir kampaniya olduğu məlumdur və biz bunun qarşısındayıq.” demişdi.

Bəhreyn, Səudiyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri 2014-cü ildə də Qətəri daxili işlərinə müdaxilə ətməkdə günahlandıraraq diplomatik əlaqələrini kəsmişdi.



Әlaqәli Xәbәrlәr