ABŞ Konqresində Xocalı faciəsinin ildönümü ilə əlaqədar bəyanat verildi

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Tennesi ştatından olan konqresmen Stiv Kohen 25 fevral 2016-cı il tarixində yüzlərlə günahsız insanların ölümü ilə yadda qalan Xocalı qətliamının ildönümü ilə bağlı bəyanat verdi.

440320
ABŞ Konqresində Xocalı faciəsinin ildönümü ilə əlaqədar bəyanat verildi

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, konqresmen Stiv Kohen bəyanatında atəşkəsin imzalanmasından 20 ildən çox keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayon daxil olmaqla 20% ərazisinin hələ də işğal altında qaldığını və bir milyondan artıq azərbaycanlının öz evindən didərgin düşdüyünü deyib.

Stiv Kohen Azərbaycanın çox çətin qonşuluq mühitində olmasına baxmayaraq, bir çox məsələlərdə, o cümlədən təhlükəsizlik və enerji məsələlərində ABŞ və müttəfiqlərinin güclü tərəfdaşı olmasını vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara, xüsusilə NATO-nun Əfqanıstan əməliyyatına mühüm töhfəsini qabardıb.

Konqresmen öz bəyanatında, həmçinin Azərbaycanın aparıcı rol oynadığı Cənubi Qaz Dəhlizinin inşasının təbii qaz təchizatı baxımından Avropa dövlətləri üçün önəmli alternativ təşkil edəcəyini, habelə ölkəmizin İsrailin neft istehlakının təxminən 40%-ni təmin etdiyini qeyd edib.

Sonda konqresmen Kohen dünya azərbaycanlıların Xocalı Faciəsinin qurbanlarının xatirəsini qeyd etdiyi bir məqamda, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daha da aktiv şəkildə dəstək verməsinin önəmini diqqətə çatdırıb. Konqresmen Kohen, həmçinin fevralın 25-də ABŞ Konqresində Xocalı Faciəsi ilə bağlı təşkil edilmiş anım mərasimində iştirak edib.



Әlaqәli Xәbәrlәr