Türkiyə mətbuatı, 30 dekabr 2019

“Vatan”, “Sabah”, “Star”, “Hürriyet” və “Haber Türk” bu gün nələrdən yazır?

1331590
Türkiyə mətbuatı, 30 dekabr 2019

 

“Vatan”: İbrahim Kalın “Hücumlar davam edərsə, Berlində toplanmağın mənası qalmayacaq" dedi

  Türkiyə Prezident Aparatının sözcüsü İbrahim Kalın dekabrın 29-da bir televiziya proqramında Liviya məsələsilə bağlı deyib: “Liviyada Milli Koalisiya hökuməti ilə Hafter arasında gəlinən razılaşmanı bundan əvvəl Hafterin özü pozdu. Biri Hafterə “dayan” deməzsə, Liviya Suriyaya dönər. Dünyanın gözü qarşısında Hafterə silah köməyi var. Yanvar ayında Almaniyada zirvə toplantısı olacaq. Hafter hücumlara davam edərsə, Berlində toplanmağın, bir araya gəlməyin mənası qalmayacaq."

“Sabah”: Nazir Akar və komandirlər sərhədin neytral bölgəsinə getdilər

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin hərbi birliyi İdlibdəki proseslərdən sonra dekabrın 29-da Suriya sərhədinin neytral bölgəsində bir araya gəldilər. Akar burada etdiyi çıxışında Türkiyənin Suriyanın İdlib şəhərindəki müşahidə məntəqələrini boşaltmayacağını vurğulayaraq dedi: "İdlibdə atəşkəsin təmini üçün vəzifələrini qəhrəmancasına icra edən 12 müşahidə məntəqəsini heç bir şəkildə boşaltmayacaq, buradan çıxmayacağıq. Bu, bir təlimatdır. Bu məntəqələrə hər hansı hücum olarsa, tərəddüdsüz cavab veriləcək."

“Star”: Xarici İşlər Nazirliyinin sözçüsü Aksoy İngiltərənin YPG/PKK qərarına münasibət bildirdi

  Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy dekabrın 29-da verdiyi məlumatda İngiltərədə PKK/PYD/YPG terror təşkilatının üzvü Dan Nyuinin (Dan Newey) atasının terrorizmə dəstəkdə təqsirləndirilməsilə bağlı başlanılan istintaq nəticəsində onun həbs olunmasının Türkiyə tərəfindən məmnuniyyətlə qarşılandığını bildirdi.

“Hürriyet”: Müdafiə sənayesi 2020-ci ili “Aksungur”la açacaq

  Türkiyənin son vaxtlar inkişaf etdirdiyi yüksək keyfiyyətli, yük həcmli pilotsuz uçan aparat “Aksungur” yeni ilin ilk günlərində təhlükəsizlik qüvvələrinin istifadəsinə veriləcək. Türkiyə Havaçılıq və Kosmos Sənayesi anonim şirkətinin (TUSAŞ) baş direktoru Təməl Kotil: "Yeni il və ya yanvarın sonundan etibarən Türkiyə bunu istifadə etməyə başlayacaq", - dedi.

“Haber Türk”: 675 sərnişin Kuşadasına yaxınlaşdı

  Aydın şəhərinin Kuşadası qəsəbəsindəki Egey Port limanına dekabrın 29-da yanaşan Malta bayraqlı "Celestyal Crystal" gəmisi sahilə 675 yolçu gətirdi. Əksəriyyəti Amerika Birləşmiş Ştatları və İngiltərə vətəndaşları olan turistlər avtobuslarla Efes və Məryəm Ana Evini ziyarət etməyə yollandılar. Bəzi turistlər isə elə Kuşadasının mərkəzində alış-veriş etməyi seçdilər.



Әlaqәli Xәbәrlәr