Türkiyə mətbuatı, 16 dekabr 2019

“Haber Türk”, “Yeni Şafak”, “Hürriyet”, “Vatan” və “Star” bu gün nələrdən yazır?

1323809
Türkiyə mətbuatı, 16 dekabr 2019

 

“Haber Türk”: Ərdoğan “Qərbin törətdiyi qırğınları ictimaiyyətə açıqlayacağıq" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarında qırmızı dərililərə qarşı törədilən qırğının ABŞ-ın üz qarası olduğunu vurğulayaraq bir televiziya kanalında müsahibəsində mövzu ilə bağlı bunları söyləyib: “Fransızların Ruandada, Əlcəzairdə törətdikləri qırğınlar, Seneqalda etdikləri kölə ticarətini kənara qoymaq mümkün deyil. Bu qırğınlarla bağlı sənədlər də var. Bütün bunları dünya ictimaiyyətinə açıqlayacağıq. Qərbin irqçilik və müstəmləkəçilik tarixi olduğunu bir daha ortaya qoyacağıq."

“Yeni Şafak”: Çavuşoğlu “Liviya əsgər istəsə, məsələyə baxacağıq" dedi

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviya ilə iki müqavilə bağlandığını, bunlardan birinin dəniz donanması sahələrinin məhdudlaşdırılması, ikincisinin bundan əvvəl imzalanan hərbi əməkdaşlıq razılaşmasının yeni tənzimləmələrlə yenidən imzalanması olduğunu diqqətə çatdırıb. Liviya ilə hərbi və təhlükəsizlik müqavilələrinin keçmişdə də olduğunu xatırladan Çavuşoğlu: “Əgər bu ölkə əsgər tələb edərsə, vəziyyəti qiymətləndirəcəyik”, - deyə bildirib.

“Hürriyet”: Akar “ABŞ-dan F-35 ala bilməsək, başqa yollar düşünəcəyik" dedi

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiyadan S-400 hava müdafiə sistemlərini aldıqdan sonra Amerika Birləşmiş Ştatları tərəfindən Türkiyənin F-35 döyüş təyyarələri layihəsindən çıxarılmasına münasibət bildirərək belə deyib: “ABŞ “Patriot”ları vermədiyi zaman Türkiyə bu ehtiyacı necə Rusiyadan almaqla qarşıladısa, eyni şəkildə bu döyüş təyyarələri ilə bağlı edə bilər”.

“Vatan”: Türkiyədən Şərqi Aralıq dənizilə əlaqədar bir-brinin ardınca gərgin hücumlar

  Şərqi Aralıq dənizində enerji paylaşmasıyla əlaqədar təzyiqin yüksəldiyi bir dövrdə Türkiyədən ard-arda hücumlar gəlir. Qazma və döyüş gəmilərini bölgəyə göndərən, Liviya ilə dəniz sərhədini təyin edən Türkiyə indi də Şimali Kipr Türk Respublikasında (Qıbrız) pilotsuz hava aparatlar üçün hərbi baza yaradır. Qıbrızdakı Geçitkale havalımanı Türkiyənin Şərqi Aralıq dənizindəki gözü olacaq.

“Star”: Cənubi Koreya şirkətləri Türkiyəyə sərmayə qoymaq istəyir

  Cənubi Koreyanın İstanbuldakı baş konsulu Cessi Çonqcu Yan (Jessy Jeunju Yang) Türkiyənin Asiya və Avropa arasında bir körpü olduğunu vurğulayaraq Cənubi Koreyanın böyük şirkətlərinin bu ölkədə sərmayə qoymaq istədiklərini söyləyərək deyib: “Cənubi Koreyadan Türkiyəyə gələn turist sayı günbəgün artır. 2018-ci ildə 160 min koreyalı Türkiyəyə gəlib. Bu rəqəm 2019-cu ilin sonuna qədər 200 mini keçə bilər”.



Әlaqәli Xәbәrlәr