“Türkiyə vətəndaşlarının təxliyəsi ilə bağlı İsraillə danışıqlar davam edir”, H.Fidan

Rəsmi səfərdə olduğu Misirin paytaxtı Qahirədə misirli həmkarı Samih Şükri ilə birgə mətbuat konfransında çıxışında İsrail-Fələstin münaqişəsinə toxunan türkiyəli nazir deyib ...

2050920
“Türkiyə vətəndaşlarının təxliyəsi ilə bağlı İsraillə danışıqlar davam edir”, H.Fidan

 

  Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Fələstində günahsız mülki insanları hədəf alan hücumlarını və mülki insanların həyatını itirməsini qınadıqlarını açıqlayıb.

  Rəsmi səfərdə olduğu Misirin paytaxtı Qahirədə misirli həmkarı Samih Şükri ilə birgə mətbuat konfransında çıxışında İsrail-Fələstin münaqişəsinə toxunan türkiyəli nazir deyib: “Biz Fələstində günahsız mülki şəxsləri hədəf alan hücumları və mülki insanların həyatını itirməsini rədd edir və qınayırıq. İsraili beynəlxalq hüquqa və insani dəyərlərə riayət etməyə çağırırıq.

  Türkiyə və Misir paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində suveren və müstəqil Fələstin dövlətinin yaranmasının, yəni iki dövlətli həll yolunun yeganə etibarlı həll yolu olduğunu düşünürük.

  Misir rəsmiləri ilə fələstinlilərə yardım üçün danışıqlar apardıq. Qəzzadan Türkiyə vətəndaşlarının təxliyəsi ilə bağlı Misir İsrail hökuməti ilə sıx əməkdaşlıq edir. Orada 300-ə yaxın Türkiyə vətəndaşı var. Onlardan 30-nu çıxara bilmişik. Sərhəd qapısı bağlıdır. İşlərimiz davam edir”.

  Misirin xarici işlər naziri Samih Şükri də öz növbəsindəki çıxışında bunları deyib: “Fələstinlilərə ciddi humanitar təsirlərin aradan qaldırılması üçün çalışmağın vacibliyi ilə bağlı Türkiyə ilə ortaq baxışı paylaşırıq”.

  Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Qahirədə Ərəb Liqasının baş katibi Əhməd Əbu Qayt ilə də görüşüb. Ondan əvvəl isə Misir prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən qəbul edilib. Türkiyəli nazir rəsmi səfərdə olduğu Misirin paytaxtı Qahirədə Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə də görüşüb. Söhbət zamanı İsrailin Qəzzaya hücumları, bölgəyə humanitar yardımlar və oradan təxliyələr müzakirə edilib. Tərəflər Ukrayna və Qarabağdakı vəziyyətdən də danışıblar.

  Hakan Fidan Qahirədə türkiyəli iş adamları ilə də görüşərək Türkiyə vətəndaşlarını və onların xaricdəki təşəbbüslərini dəstəkləməyə davam edəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr