Hulusi Akar: "PKK-dakı İsveç istehsalı tank əleyhinə silahları soruşduq"

Milli müdafiə naziri Hulusi Akar Şimali İraq və Suriyada keçirilən əməliyyatlar zamanı İsveç istehsalı olan silahların ələ keçirildiyini və müvafiq sübutları həmsöhbətlərinə təqdim etdiklərini bildirib.

1844913
Hulusi Akar: "PKK-dakı İsveç istehsalı tank əleyhinə silahları soruşduq"

Milli müdafiə naziri Hulusi Akar Şimali İraq və Suriyada keçirilən əməliyyatlar zamanı İsveç istehsalı olan silahların ələ keçirildiyini və müvafiq sübutları həmsöhbətlərinə təqdim etdiklərini bildirib.

Akar NATO Müdafiə Nazirləri Toplantısından sonra görüşdüyü jurnalistlərin suallarını cavablandırıb və gündəmlə bağlı açıqlamalar verib.

NATO-nun quruculuq prinsipləri çərçivəsində həqiqi müttəfiqlik ruhu ilə hərəkət etməyin vacibliyinə diqqət çəkən Akar deyib:

“NATO təhlükəsizlik təşkilatıdır. Ən böyük mübarizə sahələrindən biri terrordur. NATO-nun quruluş prinsipləri regional və qlobal sabitlik və təhlükəsizlik üçün hər cür terror təşkilatları ilə mübarizə aparmağı tələb edir. Bu baxımdan əməkdaşlıq və həmrəylik lazımdır. Bu, NATO-nun ənənələrində, əsas sənədlərində və iş prinsiplərində mövcud olan məsələdir. Türkiyə eyni anda birdən çox terror təşkilatına qarşı mübarizə aparan yeganə NATO üzvü ölkədir. Digər tərəfdən, bu, Avropa ilə terror arasında sonuncu maneədir. Biz Suriya və İraqın şimalında terrorla mübarizə apararkən vətəndaşlarımızı və ölkəmizi qoruyur, həmçinin terrorçuların Avropaya yayılmasının qarşısını alırıq”.

Müttəfiqlərin bu mövzuda həssas olmasının vacibliyini vurğulayan nazir “İttifaq üzvü olan ölkəyə hücum edən, təhlükəsizlik qüvvələrini şəhid edən, günahsız insanları qətlə yetirən terrorçulara məhəl qoymayan anlayış dostluq və ittifaq ruhu ilə üst-üstə düşmür. İsveç və Finlandiyanın terror təşkilatlarına siyasi və maliyyə dəstəyi, onlara silah yardımı göstərməsi və terrorçuların qaynar nöqtəsinə çevrilməsi NATO üçün də təhlükədir. Suriyanın şimalında və İraqda terrorçular ölkəmizə qarşı hücumlar etdikdən sonra qaçıb bu ölkələrdə sığınacaq kimi qalmaq məqbuldurmu? Bu, ittifaqın ruhuna uyğundurmu, belə bir ittifaq olarmı?” deyib.

Akar görüşlərdə bununla bağlı dəlilləri həmsöhbətlərinə təqdim etdiklərini bildirib.

“İsveç istehsalı olan AT-4 tank əleyhinə silah var. İraqın şimalında və Suriyada həyata keçirdiyimiz əməliyyatlarda terrorçuların istifadə etdiyi bu silahların çoxunu ələ keçirdik. Biz görüşlərimiz zamanı onların bütün fotoşəkillərini və seriya nömrələrini açıqladıq”,- deyə Hulusi Akar qeyd edib.

Bu ölkələrdə terrora dəstək nümayişləri və terrorçuların ekstradisiya proseslərindəki mənfi hərəkətləri xatırladan Akar onu da deyib ki, terror təşkilatlarına hər cür dəstəyi verib daha sonra da müttəfiq kimi birgə müdafiə təşkilatında iştirak tələbini ortaya qoymaq uyğunsuzluqdur.
Akar İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı suala isə belə cavab verib:

“Türkiyə olaraq biz NATO-nun təhlükəsizliyinin mərkəzindəyik, NATO-nun dəyərlərini və məsuliyyətlərini bölüşən aktiv və konstruktiv bir üzvük. Biz NATO-nun genişlənməsini həssaslıqlarımıza göstəriləcək hörmət nisbətində mənalı və vacib hesab edirik”.



Әlaqәli Xәbәrlәr