“Bu forumun 2022-ci ildə də keçiriləcəyini indidən söyləyə bilərəm”, M.Karagöz

Pandemiya dövrünün ən böyük beynəlxalq tədbiri

1672491
“Bu forumun 2022-ci ildə də keçiriləcəyini indidən söyləyə bilərəm”, M.Karagöz

 

  2021-ci ilin 18-20 iyun tarixində “Yenilikçi diplomatiya: yeni dövr, yeni yanaşmalar” adı altında Antaliya Diplomatiya Forumu (ADF) keçirildi. Türkiyə Prezident Administrasiyasının himayəsi ilə Xarici İşlər Nazirliyinin (XİN) təşkil etdiyi forum 50-dən çox ölkənin diplomatlarını bir araya gətirdi və pandemiya dövrünün ən böyük beynəlxalq tədbiri oldu.

  Türkiyə Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsinin müdiri, ADF-nin koordinatoru, səfir Murat Karagöz ilk dəfə gerçəkləşən bu layihənin nəticələri və gələcək planlarla bağlı fikirlərini belə bölüşüb:  

– 2019-cu ildə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 3 təşəbbüs irəli sürmüşdü. Bunlardan biri “Rəqəmsal diplomatiya”, ikincisi “Yenidən Asiya” seminarı və üçüncüsü Antaliya Diplomatiya Forumu idi. Biz bunlardan iksini vaxtında həyata keçirdik. Forum isə “Covid-19” pandemiyasına görə ötən il baş tutmadı. Nəhayət, bu il 18-20 iyun tarixlərində tədbiri Antaliya şəhərində gerçəkləşdirə bildik. Təbii ki, asan olmadı. Amma öhdəsindən gələ bildik və buna görə də çox məmnunuq.

  Antaliya Diplomatiya Forumunun özəlliyi daha öncə gördüyümüz rəsmi toplantılardan, zirvələrdən fərqlənməsi idi. Çünki ADF-nin rəsmi bir ölçüsü yox idi, yəni burada rəsmi şəxslər və məmurlarla yanaşı, iş dünyası, media və elm sahəsinin adamları da təmsil olunurdu.

  Antaliya Diplomatiya Forumu Forum pandemiya müddətində dünyada gerçəkləşən ən böyük beynəlxalq tədbirlərdən bəlkə də birincisi oldu. Çünki biz bu məsələdə hazırlıqlı idik. Ən böyük çətinliyimiz “Covid-19” olsa da, ölkənin Səhiyyə Nazirliyi ilə yaxından işbirliyi quraraq bu istiqamətdə də lazım olan bütün tədbirləri gördük.

  Foruma həm də universitet tələbələri rəng qatmışdı. Türkiyənin 81 vilayətindəki ali məktəblərdən 250 tələbə bu panellərə çox böyük maraq göstərdi. Gənclərlə gecə söhbəti və açıq havada görüşlər keçirdik. Toplantının son günü isə tələbələrin Kosovoanın prezidenti ilə 1 saatlıq görüşü oldu. Beləcə, ADF çərçivəsində Gənclik Forumunu da gerçəkləşdirmiş olduq. Forumun digər fərqi onun sadəcə panellərdən ibarət olmaması idi. Biz müxtəlif və uyğun vasitələrlə onun məzmununu da zənginləşdirdik.

  Qonaqlarımızı tarixdəki ilk yazılı anlaşma olan Kadeş anlaşmasından (Miladdan öncə 1280-ci ildə imzalanmış Misir-Het sülh müqaviləsi tarixin günümüzə gəlib çıxmış ilk yazılı anlaşması sayılır, İstanbul Arxeoloji Muzeyində saxlanılır) ən son – Cenevrədəki Kipr müzakirələrinə qədər uzanan müddətdə fərqli sənədli film və qısa videolardan ibarət bir diplomatiya körpüsündən keçirdik. Bu görüntüləri, belə demək mümkünsə, məkanın içində verdik. İştirakçılar toplantı salonlarına gedərkən istər-istəməz o görüntüləri seyr etdilər. “Diplomatiya tuneli” sadəcə bu sadaladıqlarımla məhdudlaşmırdı. Eyni zamanda, Osmanlı arxeoloqu, muzey kuratoru, rəssam və Kadıköyün ilk bələdiyyə başqanı Osman Hamdi Bəyin əsərlərindən ibarət rəqəmsal sərgi də təşkil etdik. Bununla yanaşı, tematik olaraq 8 panelə paralel sərgilər də nümayiş etdirdik. Yəni əslində, vizual zənginlik foruma rəng və dərinlik qatdı.

  Bütün bunlardan başqa, Antaliya Diplomatiya Forumunda çox gözəl konsert proqramı da oldu. Türkiyə prezidentinin ev sahibliyi ilə qonaqlara verilən ziyafətdə isə Antalya Simfonik Orkestrinin çıxışı və məkanın içində göstərilən konsert möhtəşəmliyi ilə yadda qaldı.

  Biz Antaliya Diplomatiya Forumun ənənəviləşdirmək və institutlaşdırmaq istəyirik. ADF-nin 2022-ci ildə keçiriləcəyini indidən söyləyə bilərəm. Yenə geniş kütləni əhatə edən bir tədbir olacaq. Dünyanın 4 bir yanından təmsilçilər qatılacaq. Pandemiyaya görə bu dəfə nisbətən məhdud olan üz-üzə çalışmalar, inşaallah, gələn il daha geniş şəkildə mümkün olacaq. Eyni zamanda, ikinci forumda mədəniyyət və incəsənət proqramlarının da sayı artırıla bilər.

  Antaliya Diplomatiya Forumu bir ilk idi və önümüzdə nümunə götürəcəyimiz bir forum yox idi. Amma indi ikinci və sonrakılar üçün nümunəmiz, təcrübəmiz var. Biz bu forumdan dərhal sonra nazirlə bir araya gəldik, ayrıntılı söhbət etdik, faydalı və yol göstərən məsləhətlər aldıq. Ümumiyyətlə, Türkiyə Xarici İşlər Nazirliyi olaraq bu işə könül verdik, mənəvi bağlar qurduq.



Әlaqәli Xәbәrlәr