Naxçıvanda Türkiyə və Azərbaycan birgə hərbi təlimləri

Azərbaycan Əlahiddə Ümumqoşun Ordusundan verilən məlumata görə...

1214959
Naxçıvanda Türkiyə və Azərbaycan birgə hərbi təlimləri

  İyunun 7-dən etibarən Türkiyə və Azərbaycan birgə hərbi təlimlərə başladı.

  Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvandadır.

  Azərbaycan Əlahiddə Ümumqoşun Ordusundan verilən məlumata görə, “Məqsəd iyunun 7-dən 11-dək keçiriləcək “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə qatılmaqdır. Bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən, hərbi-texniki əməkdaşlıqdan və artıq ənənə halını almış döyüş atışlı birgə təlimlərin əhəmiyyətindən danışıblar”.

  Sonra təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.

  Azərbaycan Müdafiə Nazirliyi xəbər verir ki, “Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının asudə vaxtlarının səmərəli təşkili məqsədilə də mədəni-kütləvi tədbirlər keçirilir”.

  Təşkil olunan Ramazan bayramı süfrəsində türkiyəli hərbçilər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində Azərbaycan hərbçilərilə birlikdə nahar ediblər. Tədbirdə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz da iştirak edib.

  Mədəni tədbirlərin davamı kimi hər iki ölkənin hərbi qulluqçuları arasında “Qardaşlıq qazansın” devizi altında mini futbol yarışı keçirilib. Hər iki komanda yüksək fiziki hazırlıq və futbol ustalığı nümayiş etdirib.

  Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən döyüş atışlı taktiki təlim də keçirilir.

  Bundan əvvəl təlimə hazırlıq çərçivəsində iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq komandası Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki Ümid körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə respublikasının bayraq komandası da Qars şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib. Ümid körpüsü üzərində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

  Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, "Sarsılmaz qardaşlıq 2019" adı verilən hərbi manevrdə 5 min əsgər, 200 tank və zirehli vasitə, 180 mərmi və top, 21 təyyarə və vertolyot, o cümlədən digər silah növləri vardır. Hərbi təlimlər 11 iyuna qədər davam edəcək.



Әlaqәli Xәbәrlәr