Türkiyənin siyasi xadimləri Çanaqqala Zəfərilə bağlı ürək sözlərini paylaşdı

1915-ci ilin 18 martında Çanaqqalada qazanılan qələbənin üzərindən 103 il ötür. Amma nə şəhidlər, nə də o qəhrəmanlıq dastanı unudulmur.

931990
Türkiyənin siyasi xadimləri Çanaqqala Zəfərilə bağlı ürək sözlərini paylaşdı

  Dünyanın ən güclü donanmaları Çanaqqala Boğazından asanlıqla keçib gedəcəklərini zənn etdilər. Ancaq qarşılarında sinəsini sipər edən qəhrəman əsgərləri gördülər.

 1915-ci ilin 18 martında Çanaqqalada qazanılan qələbənin üzərindən 103 il ötür. Amma nə şəhidlər, nə də o qəhrəmanlıq dastanı unudulmur.

  Türkiyənin siyasi xadimləri 18 Mart Şəhidləri Anma günü və Çanaqqala  Dəniz Zəfərinin 103-ci ildönümü münasibətilə sosial media səhifələrindən ürək sözlərini bölüşüblər. Onlar bu mesajları #çanakkalezaferi və #çanakkalegeçilmez etiketlərilə işarələyiblər.

  Türkiyənin Baş naziri Binəlı Yıldırım yayımladığı mesajında bildirib: “Çanaqqala Qələbəsi əlamətdar hadisə, şərəf və həyəcanla dərk edilən, tarixin səhifələrinə yazılan ən uğurlu dastanlardan biridir. Bu zəfər dünyaya "Çanaqqala keçilməz" mesajını verdi. Bu qələbə tarixin axarını dəyişdirəcək qüdrəti göstərdi. İstiqlalını və ölkənin hər yerində rahatlıq və təhlükəsizliyini qorumaq üçün fədakarlıqlar edən türk milləti 1915-ci ilin 18 Mart tarixində ən güclü, ən zirehli, ən ağır silahlarla təmin olunmuş orduları necə dizə gətirməyi dünyaya göstərmişdir".

  Baş nazirin müavini Bəkir Bozdağ şəhadətləri ilə Çanaqqalanı keçilməz edən və Vətənə həyat verən şəhidləri rəhmətlə yad edərək yazıb: “18 Mart 1915 Çanaqqala Zəfəri Həsənlərin, Mehmetlərin milleti, bayrağı, vətəni və dövləti üçün şəhid olduğu gündür. 18 Mart bir hilal uğrunda 250 min günəşin batması, barbarlıq və vəhşiliyin iman, cəsarət və şəhadətlə məğlub edildiyi gündür. Rəbbim bütün şəhidlərimizə rəhmət etsin. Rəbbim bizi şəhidlərimizin əmanətinə sahib çıxanlardan etsin. Rabbim bizi şəhidlərimizə layiq övladlar etsin. Rəbbim bizi və qiyamətə qədər gələcək övladlarınızı şəhidlərimizin yolundan ayırmasın".

  Ölkənin Əmək və Sosial Təhlükəsizlik naziri Jülide Sarıeroğlu tarixə qızıl hərflərlə yazılan Çanaqqala Qələbəsinin 103-ci ildönümünü bu sözlərlə qeyd edib: "Başda Qazi Mustafa Kamal Atatürk və silahdaşları olmaqla istiqlal və istiqbalı uğrunda vətən, millət eşqinə mübarizə aparan bütün qəhrəmanlarımızı rəhmət və minnətdarlıqla yad edirəm".

  Ətraf Mühit və Şəhərsalma naziri Mehmet Özhaseki isə "Vətəninə canı bahasına sahib çıxan bir millətin övladı olmaq şərəfini nəsillər boyu daşıyacağıq" sözlərilə bölüşüb hisslərini.

 Ədliyyə naziri Əbdülhəmid Gül, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybekci və ölkənin başqa siyasətçiləri də sosial media şəbəkəsindən Çanaqqala Zəfərilə bağlı hiss və duyğularını paylaşıblar.



Әlaqәli Xәbәrlәr