Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyi öyrənsin

Bunu Bakıda azərbaycanlı və iranlı həmkarları ilə birgə mətbuat konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söylədi.

872337
Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyi öyrənsin

“Biz Ermənistanla bəzi şərtlər daxilində addım atmaq istədik. Əsas şərt o idi ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkiləcək, biz də əlaqələrimizi normallaşdıracağıq”.

Bu sözləri Bakıda azərbaycanlı və iranlı həmkarları ilə birgə mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dedi.

Ermənistan və Türkiyə arasında 2009-cu ildə İsveçrədə imzalanan protokolların taleyi barədə sualı cavablandıran nazir xatırlatdı ki, Ermənistan həmin protokolları öz Konstitusiya Məhkəməsinə təqdim edib və KM sənədlərin bəzi önəmli maddələrini oradan çıxarıb.

Türkiyəli nazir: “Bu razılaşmanı Ermənistan rəfə qoysa və ya ləğv etsə, nə olacaq ki? Bizim şərtimizi yerinə yetirmədiyi müddətcə bu razılaşmanın həyata keçməsi mümkün deyil. Ermənistan təcili şəkildə Azərbaycan torpaqlarını tərk etsin və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyi öyrənsin” dedi.

Çavuşoğlu Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya danışıqlarından da bəhs etdi, bu toplantıların tərəflər arasında qarşılıqlı etibara əsaslanan addımların atılması, deeskalasiya zonalarının yaradılması baxımından faydalı olduğunu və danışıqları davam etdirmək istədiklərini qeyd etdi.

Türkiyənin xarici işlər naziri Suriya məsələsinin siyasi yolla həll olunmasının tərəfdarı olduqlarını, tərəflər arasında separartçı terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-nin və DEAŞ-ın iştirakı olmadan dialoqun davam etdirilməsinin vacibliyini vurğuladı.

 

 

 



Әlaqәli Xәbәrlәr