Egey sahillərində Türkiyəni sarsıdan zəlzələ baş verdi

Egey dənizinin Muğla sahillərində 6,3 bal gücündə zəlzələ baş verdi.

774705
Egey sahillərində Türkiyəni sarsıdan zəlzələ baş verdi

  Fövqəladə Hallar və Təcili Yardım Rəhbərliyinin internet saytında olan məlumata görə, Egey dənizinin Muğla sahillərində gecə saat 01.31-də 6,3 bal gücündə zəlzələ meydana gəlib. Yerin təxminən 8 kilometr dərinliyindən baş qaldıran zəlzələdən sonra 40-a yaxın sarsıdıcı təkan yaranıb.

  Gecə saat 01.37-01.52 aralarında Gökovada 4,2 – 4,4, saat 02.00-də Bitez Bodrumda 4, 02.16-da Aralıq dənizindəki 12 adada 4.2 və 02.23-də Akyarlarda (Bodrum) 4,8 bal gücündə sarsıdıcı təkanlar qeyd olunub.

  Bodrumun bəzi yerlərində elektrik kəsilib, telefon və nəqliyyat çətinlikləri yaşanıb. Gümbetdə yerüstü dalğalar qeyd olunub və sahilə vurub.

  İzmir, Muğla, Aydın, Dənizli, Manisa başda olmaqla Egey dənizi bölgəsinin bir çox yerində hiss edilən zəlzələ yüzlərlə insanın küçələrə tökülməsinə səbəb olub.

  Muğlanın Bodrum qəsəbəsi xəstəxanalarına zəlzələ zamanı düşən və xəsarət alan 70-ə yaxın adam müraciət edib. Təcili Yardım bölümünün özünə də zəlzələ öz təsirini göstərib: asma tavan çöküb, yaralılara xəstəxananın həyətində baxılıb. Evdə olan bütün həkimlər də yaralılara xidmət üçün səfərbər olunub.

  Bodrum İcra Hakimiyyəti (kaymakamlığı) vətəndaşları evlərinə girməməyi tövsiyə edib.

  Muğla valisi Esengül Civelek Egey dənizinin Muğla sahillərində 6,3 bal gücündə meydana gələn zəlzələylə bağlı verdiyi ilkin məlumata görə, can və mal itkisi, dağılan bina yoxdur. Ancaq bir neçə adamın qorxduğu üçün düşüb, yaralanıb. Bir neçə qəza meydana gəlib. Ağır xəsarət alan yoxdur.

  Zəlzələnin mərkəzi olan Muğlada Böyükşəhər Bələdiyyə sədri Osman Gür qrupların dağılan yerlərdə çalışdığını bildirib. Kiçik transformator və ot yanğınları olub.

  Gələn məlumatlardan Seydikemerdən Bodruma qədər 13 qəsəbədə can itkisi olmadığı bildirilir. Böyük dağıntı yoxdur. Yalnız divar çatlamaları və uçmaları var. Bunlar da əsasən köhnə evlərdir. Evlərdə bəzi zərərlər var. Aşan şkaflar, qırılan stəkanlar və s. olduğu üçün bir çaxnaşma yaşanıb. İki elektrik dirəyi aşıb. Kiçik yanğınlar çıxıb. Bəzi yol çökmələri nəticəsində torpaq sürüşmələri yaranıb.

  Zəlzələ qonşu Yunanıstanın paytaxtı Afinada da hiss olunub. Kos və Rodos adaları şiddətli sarsıntı meydana gəlib. Kos Bələdiyyə sədri ən az 2 adamın öldüyü və 100-dən çox adamın yaralandığı məlumatını verib.  

  Afina rəsədxanası zəlzələnin 6,4 bal gücündə və mərkəzinin Kos adasının təxminən 33 kilometr qərbində olduğunu bildirib. Zəlzələdən təxminən 6 dəqiqə sonra 5,1 bal gücündə yenə bir təkan qeyd olunub. Egey dənizi sahillərində yunan adalarına zəlzələnin ziyanverici təsirləri olub.



Әlaqәli Xәbәrlәr