Qaziantep şəhərində törədilən terror aktına beynəlxalq ictimaiyyətin reaksiyası

Qaziantep şəhərində avqustun 20-də açıq havada keçirilən toy mərasimində əksəriyyəti uşaq olmaqla 51 nəfərin öldüyü xain terror aktına beynəlxalq ictimaiyyət reaksiya göstərdi.

556404
Qaziantep şəhərində törədilən terror aktına beynəlxalq ictimaiyyətin reaksiyası

Qaziantep şəhərində avqustun 20-də açıq havada keçirilən toy mərasimində əksəriyyəti uşaq olmaqla 51 nəfərin öldüyü xain terror aktına beynəlxalq ictimaiyyət reaksiya göstərdi.

Azərbaycandan Rusiyaya, Fransadan Misirə qədər xeyli sayda ölkə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi və hücumu pislədi.

Azərbaycan prezidenti İlham Əliyev Dövlət başçısı Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Prezident Əliyev məktubunda deyib ki, Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu amansız terror əməlindən, ölkənizdə xaincəsinə törədilmiş digər terror aktlarından son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri həsab edirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Rusiya prezidenti Vladimir Putin də Dövlət başçısı Ərdoğana başsağlığı verib.

Kremlindən yayılan açıqlamada bildirilib ki, Türkiyə ilə terrorla mübarizədəki əməkdaşlığımızı hər baxımdan gücləndirməyə hazırıq.

Rəsmi Vaşinqton da Qaziantepdəki terror aktını pisləyən açıqlama yayaraq bildirib ki, bu xain hücumu həyata keçirənlər barbar şəkildə toy mərasimini hədəf götürərək, onlarla insanın həlakına, onlarla insanın isə yaralanmasına səbəb olublar.

Açıqlamada viste-prezident Co Baydenin Türkiyəyə səfəri zamanı terrorla mübarizənin də gündəmdə olacağı bildirilib.

ABŞ Dövlət Katibliyi də  hücumu “iyrənc” olaraq dəyərləndirib və “terror fəlakətinə qarşı” mübarizədə rəsmi Ankaraya yardım təklif edib.

Dövlət Katibliyinin açıqlamasında bildirilib ki, biz müttəfiq və tərəfdaşımız Türkiyənin yanındayıq və ortaq bir təhdid olan terrorla mübarizədə öhdəliklərimizi yerinə yetirəcəyimizi bir daha ifadə edirik.

Fransa prezidenti Fransua Oland, İngiltərə Xarici İşlər naziri Boris Cansın və Almaniya kansləri Angela Merkel açıqlamalarında hücumu sərt şəkildə pisləyərək;“Terrora qarşı mübarizədə Türkiyənin yanındayıq” mesajı veriblər.

İsrail və Misir də terror hücumunu pisləyən açıqlamalar yayıblar.

Misir həmçinin “Misir xalqı belə həssas bir dövrdə Türk xalqının yanında yer almaqdadır” açıqlaması verib.

İsveçin Xarici İşlər naziri Margot Valstrom terror hücumunu sərt dillə pislədiyini bildirərək deyib ki, Türkiyə ilə terrora qarşı mübarizədə əməkdaşlıq etməyə hazırıq.

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı terror aktını pisləyib və deyib ki, bu xain hücum nəticəsində həyatını itirənlərə rəhmət, yaralılara isə təcili şəfa diləyirəm.

İtaliya prezidenti Serco Mattarella da Ərdoğana başsağlığı məktubu ünvanlayaraq bildirib ki, dinc vətəndaşları hədəf götürən bu xain hücum dəyərlərimizi, prinsiplərimizi qətiyyətli şəkildə qorumaqda, terrorla mübarizədə bizi fikrimizdən yayındırmayacaqdır.

İran, Pakistan, Avstriya, Gürcüstan, Albaniya, Rumıniya, Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn və Qətər də hücumu pisləyən ölkələr arasındadır.

Papa Fransis də bazar günü keçirilən dini mərasimdə həyatını itirənlər üçün dua edib.

Avropa Parlamentinin sədri Martin Şulz da açıqlama verərək deyib ki, terrorçular sevginin və həyatın qeyd olunduğu bir yerə ölüm və kədər gətirdilər.

BMT-nin Baş Katibi Pan Gi Mun da hücumu pisləyərək, terrorla mübarizədə və bu cür hücumların qarşısının alınmasında regional və beynəlxalq cəhdlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr