Ordu generalı Salih Zeki Çolak Azərbaycanda.

Salih Zeki Çolak Azərbaycan müdafiə naziri Zakir Həsənov ilə görüşüb

366643
Ordu generalı Salih Zeki Çolak Azərbaycanda.



Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Salih Zeki Çolak Azərbaycana səfər edib. Türkiyə nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək gül dəstələri qoyublar. Xatirə dəftərinə ürək sözlərini yazan general “Türk millətinin qəhrəman övladları. Hər zaman bir-birinin sevinci ilə bərabər, kədərini də paylaşan Türkiyə və Azərbaycanın eyni taleyi yaşadıqlarını və “bir millət iki dövlət” sözlərinin yaratdığı əlaqələrin sarsılmaz təməlini təşkil etdiyini” qeyd edib.

Salih Zeki Çolakı Türkiyənin azərbaycandakı səfiri İsmayıl Alper Coşkun və hərbi attaşesi İhsan Başbozkurt müşayət edib. Salih Zeki Çolak səfəri çərçivəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov ilə görüşüb. Müdafiə Nazirliyində qəbul edilən türkiyəli general protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb. Azərbaycanın müdafiə naziri ilə Türkiyə Quru Qoşunları komandanı arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

Görüşdə Zakir Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın ikitərəfli vəNATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana səmərəli səfərini xatırladan nazir son illər ölkələrimizin həm Quru Qoşunları, həm də Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini xüsusi qeyd edib.

Tutduğu vəzifədə ilk xarici səfərini Azərbaycana etdiyindən məmnun olduğunu deyən Salih Çolak isə dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb: "Tarixi dərindən öyrənərək bundan nəticə çıxarmalı, güclü olmaq üçün birlikdə olmalıyıq. Əməkdaşlığımız hər iki ölkənin Silahlı Qüvvələrinə təcrübə və fayda verməlidir". Sonra regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq imkanları və digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Türkiyəli general səfəri çərçivəsində Bakıda hərbi məktəblərə və Gəncədəki hərbi hissələrə baş cəkəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr