"TÜRKSOY Türk dünyasının UNESCO-su"dur, Ömər Çelik

Türk mədəniyyətinə xidmət edən TÜRKSOY birliyi ümumtürk dünyası yolunda fəaliyyət göstərən media mənsublarını mükafatlandırdı.

237066
"TÜRKSOY Türk dünyasının UNESCO-su"dur, Ömər Çelik

  Ankarada təşkil edilən mükafatvermə mərasimində Türkiyənin Mədəniyyət və Turizm naziri Ömər Çelik də iştirak edirdi. Nazir “TÜRKSOY-u Türk dünyasının UNESCO-su” adlandıraraq bunları söylədi: “Türk dövlətlərinin sayı dəyişə bilər, adları da dəyişə bilər, amma bizi bir-birimizə bağlayan ortaq mədəniyyət birdir."

  Mədəniyyət və Turizm naziri Ömər Çelik TÜRKSOY-un xidmətlərini vurğulayaraq hər ili bir sənət və ya fikir adamına həsr etdiyini deyib və bildirib ki, “İlk dəfə olaraq Türkiyədən, Anadolu torpaqlarından bir mədəniyyət-sənət xadimi ilin adamı elan olundu. 2015-ci il Haldun Taner ili qəbul edildi”.

  Tədbirdə Türkiyənin məşhur komik əsərlər müəllifi Haldun Tanerin həyat və yaradıcılığını əhatə edən qısa sənədli film göstərildi və əsərlərindən seçilmiş parçalar nümayiş olundu.

  Çıxışlardan sonra ümumtürk mədəniyyətinin tanıdılması və zənginləşdirilməsinə verdikləri töhfələrə görə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Qıbrız Türk Respublikası, Türkmənistan, Makedoniya, Başqırdıstan, Dağıstan, Hakasya və Tatarıstanlı 18 media mənsubuna mükafatlar təqdim edildi.

  Azərbaycandan AzTv “Turan” proqramının müəllifi Zərnişan Turan, “Mədəniyyət” qəzetinin müxbir və redaktoru Mehparə Sultanova və “Xalq” qəzetindən Namiq Əhmədov mükafata layiq görülənlər arasında idi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr