"Cəhənnəmin qapısı" bağlanmalıdır

Paytaxt Aşqabadda keçirilən “Türkmənistanın neft və təbii qazı” beynəlxalq investisiya forumunda Türkmənistan Təbii Qaz Elmi-Tədqiqat İnstitutunun direktoru Bayrammirat Pirniyazov çıxış edərək deyib...

1809975
"Cəhənnəmin qapısı" bağlanmalıdır

 

  Türkmənistanda 50 ilə yaxındır yanan "Cəhənnəmin qapısı" kimi tanınan Dərvəzə qaz krateri təbii qaz itkisinə və ətraf mühitin çirklənməsinə səbəb olduğu üçün bağlanacaq.

  Paytaxt Aşqabadda keçirilən “Türkmənistanın neft və təbii qazı” beynəlxalq investisiya forumunda Türkmənistan Təbii Qaz Elmi-Tədqiqat İnstitutunun direktoru Bayrammirat Pirniyazov çıxış edərək deyib: “Dərvəzə qaz krateri 50 ilə yaxındır ki, yanır. Bu da o deməkdir ki, bölgədə külli miqdarda təbii qazın yanaraq ətraf mühitə zərər verir. Ona görə də bağlanmalıdır”.

  Türkmənistan alimləri quyuya maili qazmağı təklif ediblər. Bu quyudan qazın çıxarılması, atmosferə nəzarətsiz qaz emissiyalarının azaldılması və sızma axımlarının idarə edilməsi nəzərdə tutulur.

  Forumda Dərvəzə qaz kraterinin bağlanılması üçün xaricdən gələn təkliflər də dəyərləndirilib. Müvafiq olaraq, Belarus və Sloveniya alimləri layihənin həyata keçirilməsində Türkmənistana yardım etmək istədiklərini bildiriblər.

  Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odile Renaud-Basso atmosferə zərərli emissiyaların azaldılması və Dərvəzə bölgəsindəki kraterdə təbii qaz sızmasının dayandırılmasına kömək etmək üçün Türkmənistanla əməkdaşlığa hazır olduqlarını bəyan edib.

  Qeyd edək ki, Qaraqum səhrasının mərkəzində yerləşən Dərvəzə qaz krateri ötən əsrin 70-ci illərində Sovet İttifaqı dövründə aparılan qazıntılar zamanı əmələ gəlib. Torpağın çökməsi nəticəsində yaranan kraterdən çıxan qaz ətraf mühitə və yaşayış sahəsinə ziyan vurduğu üçün yandırılıb. Eni 60, dərinliyi 20 metr olan krater 50 ilə yaxındır ki, içindən çıxan təbii qazdan yanır.



Әlaqәli Xәbәrlәr