TRT əməkdaşı Azərbaycan radio və televiziyasının qonağı oldu

“Türkiyənin səsi” radiosu Azərbaycan redaksiyasının (Azerbaycan Masası) əməkdaşı, aparıcı və tərcüməçi Sevda Mirzə (Mirzəyeva) Azərbaycan Respublikasında dövlət radio və televiziya kanallarının qonağı olub

1644198
TRT əməkdaşı Azərbaycan radio və televiziyasının qonağı oldu
Emin Şahzadə,Sevda Mirzə,Səbinə Öz.jpeg

 

  Yaxınlarda Türkiyənin paytaxtı Ankarada TRT Xarici Yayımlar Radiosu Departamenti (TRT Dış Yayınlar Radyosu Başkanlığı) nəzdində olan “Türkiyənin səsi” radiosu Azərbaycan redaksiyasının (Azerbaycan Masası) əməkdaşı, aparıcı və tərcüməçi Sevda Mirzə (Mirzəyeva) Azərbaycan Respublikasında dövlət radio və televiziya kanallarının qonağı olub.

  Azərbaycan Radiosu 105 FM-in "Gəl, səhərim" canlı proqramının aparıcıları Günay Tehranqızı və Sənan Əlləz TRT-də çalışan azərbaycanlı həmkarlarından müsahibə alıblar. Söhbət zamanı TRT-nin internet üzərindən 37 dildə yayımlanan “Türkiyənin səsi” radiosu haqqında məlumat verilib, ilk dəfə 2008-2018-ci illərdə TRT ilə İctimai radio arasında “Qorqud Ata” 1 saatlıq canlı ortaq radio proqramından, hal-hazırda bənzər layihənin Azərbaycan radiosu ilə davam etməsindən, 10 il boyu İTV radio və televiziya əməkdaşlarının TRT-də təcrübə mübadiləsi keçmələrindən bəhs olunub.    

  Aparıcı Günay Tehranqızı TRT-də Azərbaycan redaksiyasının 25 illik varlığından respublikada çox az adamın bilgisi olduğunu söyləyib, bu işdə iki ölkə arasında ortaq canlı radio-televiziya proqramlarının olmasının vacibliyini vurğulayıb. Sənan Əlləz bir neçə il əvvəl ortaq bir radio layihəsi ilə bağlı Ankarada TRT-nin Xarici Yayımlar Radiosu Departamentində olduğunu və burada xüsusilə departamentin sədr müavini Zəkəriyya Aydınla xoş söhbətini xatırladıb. Sevda Mirzə TRT Xarici Yayımlar Radiosu Departamentində internet yayımından başqa, həm də 41 dildə xəbər saytlarının (trt.votworld.com) da olduğunu diqqətə çatdırıb, bunlardan birinin TRT/Azerbaycan saytı olduğunu bildirib.  

  TRT-nin azərbaycanlı əməkdaşı və radio aparıcısı Sevda Mirzə Bakıda həm də Mədəniyyət kanalında tanınmış telejurnalist və aparıcı Nəcibə Əlixanlının rəhbərliyi ilə hazırlanan “Səhər çağı” canlı proqramının qonağı olub. Burada aparıcılar Səbinə Öz və Emin Şahzadənin verdiyi sualları cavablandıran Sevda Mirzə şair atası Sabir Mirzəyə vəfa borcu olaraq tərtib etdiyi “Yaşatmadıq sevgimizi” və Bakı Dövlət Universitetini bitirərkən magistr diplom müdafiəsi olan “1985-1997-ci illər Azərbaycan publisistikasının inkişaf meyilləri” kitablarını da təqdim edib. Söhbət zamanı 2000-ci ildən Azərbaycanın televiziya kanallarında redaktor və müəlif proqramı rejissoru çalışmasından, respublika teleməkanında Cənubi Azərbaycanla bağlı yeganə veriliş olan “Körpü”nün 4 il müəllifi və aparıcısı olmasından danışan Sevda Mirzə 2014-cü ilin sonlarından mərkəzi Ankarada yerləşən Türkiyə Radio Televiziya Qurumu TRT-nin Xarici Yayımlar Radiosu Departamenti Azərbaycan redaksiyasında aparıcı və tərcüməçi olaraq fəaliyyət göstərdiyi söyləyib. O qeyd edib ki, burada da “Körpü” (2016-2017) adlı veriliş hazırlayıb, 2019-cu ildən isə Azərbaycan, həm Türkiyə türkcələrində “Könül coğrafiyasından Türkiyə” proqramının müəllifidir. (2020-ci ildən pandemiya ilə əlaqədar proqram müvəqqəti dondurulub.)   

  Sevda Mirzə həm Türkiyə saatı ilə hər gün səhər 10.00-11.00 arası canlı yayımlanan “Türkiyənin səsi” radiosunun Azərbaycan dilində buraxılışında, həm də TRT/Azerbaycan saytında Azərbaycan və Türkiyə respublikalarının dövlət siyasətlərini bərabər səviyyədə izlədiklərindən, qoruduqlarından, xüsusən İkinci Qarabağ Müharibəsi zamanı TRT-nin Azərbaycan redaksiyasının Türkiyədə bir müsəlləh əsgər kimi çalışmasından bəhs edib.

  Qeyd edək ki, müxtəlif daxili və xarici məsələlərdə Türkiyənin mövqeyini əks etdirən, ölkənin təbliğinə töhfə verən TRT "Türkiyənin səsi” radiosu (TRT TSR) xaricdə yaşayan vətəndaş və soydaşlar üçün fərqli dillərdə 37 dildə 24 saat efirdәdir.



Әlaqәli Xәbәrlәr