İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib

İstanbul şəhərində “Türkiyə-Azərbaycan Ortaq Miras” layihəsi əsasında Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı konsert proqramı təşkil edilib.

1147575
İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib

İstanbul şəhərində “Türkiyə-Azərbaycan Ortaq Miras” layihəsi əsasında Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı konsert proqramı təşkil edilib.

Konsert İstanbul Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi, Hazar Folklor, Təhsil və Araşdırma Mərkəzinin təşkilatçılığı, Azərbaycanın Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə baş tutub.

Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himləri səsləndirilib, hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramında Azərbaycan Dövlət Rəqs Ansamblının 80 üzvünün ifasında milli rəqslərimizlə yanaşı, “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış balet də təqdim edilib. Ansamblın bədii rəhbəri Rusiya Federasiyasının Xalq artisti, tanınmış xoreoqraf Dikalu Muzakayevdir.

Çıxış edənlər bu konsertin uzun illər yadda qalacağına əminliklərini bildirib və ənənə halı almasını arzu ediblər.

Tədbirdə Prezidentlər İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğunun iki ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da güclənməsinə təkan verdiyi və bunun nəticəsi olaraq ölkələrimizin sürətlə inkişaf etdiyi vurğulanıb.

Rəqsin dünyanın hər yerində qəbul edilən ortaq dil olduğunu deyən çıxışçılar insanların öz tarixlərini, mədəniyyətlərini, kədərlərini və sevinclərini rəqslə ifadə etdiklərini bildiriblər.

Sonra azərbaycanlı rəqqasların ifasında “Qavalla lirik rəqs”, “Bəy”, “Toy”, “Qazağı”, “Tərəkəmə”, “Şalaxo” və digər maraqlı rəqslər tamaşaçılara təqdim olunub.

Konsert proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun, İstanbul Böyükşəhər Bələdiyyəsinin, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin əməkdaşları ilə yanaşı, Türkiyənin tanınmış mədəniyyət və ictimaiyyət xadimləri, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

 

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr