Keçmişdən gələcəyə Əhməd Yəsəvi Beynəlxalq Simpoziumu

Bu günlərdə Türkiyənin İstanbul şəhərində Keçmişdən Gələcəyə Xoca Əhməd Yəsəvi Beynəlxalq Simpoziumu keçirilib

580722
Keçmişdən gələcəyə Əhməd Yəsəvi Beynəlxalq Simpoziumu

  Gələcəyin keçmişlə inşa edilməsi fikrindən yola çıxılaraq günümüz problemlərinin aradan qaldırılmasına qatqı təmin etməsi məqsədiylə bu günlərdə Türkiyənin İstanbul şəhərində Keçmişdən Gələcəyə Xoca Əhməd Yəsəvi Beynəlxalq Simpoziumu keçirilib.

  Tədbrin təşkilatçıları başda İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Dekanlığı və İstanbul Universiteti Türkiyyat Araşdırmaları İnstitutu olmaqla Abay Universiteti (Qazaxıstan), Türk Akademiyası (Qazaxıstan) və Türk Ocaqları İstanbul şöbəsi olub.

  Simpoziumda Türkiyə və Qazaxıstandan başqa Azərbaycan və digər türk ölkələrindən də tanınmış ədəbiyyat nümayəndələri iştirak və çıxış ediblər.

  İstanbul Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi, dosent, yazıçı və şair İrfan Çiftçi:

 “Əhməd Yəsəvi Türk-İslam dünyasının yetişdirdiyi böyük bir könül və mürşid əhli, bu gün tanınan "Yəsəvilik düşüncəsi”nin banisidir. O, bu istiqaməti ilə Mövlana, Yunus Əmrə və Hacı Bektaşi Vəlinin yetkinlik dövrünə çatan tolerantlıq, insan sevgisi və ictimai sülhün formalaşmasında zəmin yaratmışdır.

  Günümüz dünyasından baxıldığı zaman insan düşüncəsinin təkamülü bəlkə də zirvə nöqtəsinə çatmış və gəlinən bu nöqtə özünü qloballaşma olaraq təyin edib. Xoca Əhməd Yəsəvinin ortaya qoyduğu fikirlərlə tanınması və tanıdılması bu müddətdə mədəni və fikri mirasımızı mühafizə etməklə yanaşı milli olanın kənarına da keçib universal dəyərlərə yiyələnmək baxımından son dərəcə böyük əhəmiyyət daşıyır.  

  Qlobal prosesin mübahisəli anlayışlarına, müasir dini problemlərə də həllər tapan bir şəxsiyyət olaraq Əhməd Yəsəvinin yetişdiyi mühit, həyatı və əsərləri din, insan, cəmiyyət və dünyagörüşü barəsində ortaya maraqlı fikirlər qoyur ki, son dövrlərə qədər bunlar bir çox araşdırmaçının elmi işinin mövzusu olub”.

  26-28 sentyabrda Türkiyənin İstanbul şəhərində Keçmişdən Gələcəyə Xoca Əhməd Yəsəvi Beynəlxalq Simpoziumu 24-26 oktyabr tarixlərində Qazaxıstanın paytaxtı Almatıda keçiriləcək.

  Qeyd edək ki, Əhməd Yəsəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlib. Orta Asiya türkləri arasında İslamı yayması, Anadolunun türkləşməsi və  müsəlmanlaşmasında böyük rolu olub. Əhməd ibn İbrahim ibn İlyas Yəsəvi - Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınır. O, ilk təlim və tərbiyəsini Yəsi şəhərində alıb və bu şəhərin adını özünə təxəllüs götürüb.

  Əhməd Yəsəvinin əsas əsəri sayılan "Divani-hikmət" əslində müəllifdən əsrlərcə sonra Yəsəvi dərvişləri tərəfindən tərtib edilib. Bu səbəbdən əsərin mətninin dili XI əsrin deyil, daha sonrakı yüzilliklərin dil xüsusiyyətlərinə malikdir. "Divani-hikmət" qafiyə sistemi və vəzn baxımından qoşmalara bənzəyən dördlüklərdən və əruz vəznində yazılmış qəzəllərdən ibarətdir.

 



Әlaqәli Xәbәrlәr