Tarixdə bu gün: 15 avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca məlumat verək.

1469473
Tarixdə bu gün: 15 avqust

***

  Fateh Sultan Mehmetin başçılığı altında olan Osmanlı ordusu təxminən 1 il davam edən mühasirədən sonra 1461-ci ilin 15 avqustunda Trabzonu ələ keçirdi və bununla da Trabzon yunan imperatorluğu süquta uğradı.  

***

  15 avqust 1722-ci ildə çar Rusiyası eskadası Azərbaycanın qədim şəhəri Dərbəndə daxil oldu. Bir həftə sonra isə rus piyadaları bu əraziyə çatdılar. Bununla da Azərbaycanın şimal ərazilərinin Rusiya imperiyası tərəfindən işğalı başlandı. 

***

  1905-ci ilin 15 avqustunda Nijnı Novqorodda Rusiya Müsəlmanlarının I Qurultayı keçirildi. Həmin qurultayda Rusiya Müsəlmanlar İttifaqı yaradıldı.

  Qeyd edək ki, azərbaycanlı Əlimərdan bəy Topçubaşov bu təşkilatın ilk rəhbərlərindən olub.  

***

  Atlantik okeanı ilə Sakit okeanı bir-birinə bağlayan, inşası 33 il davam edən Panama kanalı 15 avqust 1914-cü ildə açıldı.

***

  İkinci Dünya Müharibəsinin gedişində - 1944-cü ilin 15 avqustunda mühüm hadisə baş verdi: ABŞ-ın 7-ci ordu hissələri Fransanın Rivyera əyalətinə çıxarıldı. Bununla da Normandiyadan sonra Avropanın şimalında daha bir cəbhə açıldı.

***                                             

  15 avqust Hindistanın Müstəqillik Günüdür.

  Cənubi Asiyanın ən böyük dövlətlərindən və Böyük Britaniyanın müstəmləkəsi olmuş Hindistan 1947-ci ilin bu günü istiqlaliyyətini elan etsə də, 1950-ci ilədək Britaniya Birliyinin tərkibində qalıb.

  Hindistan inzibati cəhətdən 22 əyalət və 9 ittifaq ərazisindən ibarətdir.  

***                                          

  Türkiyə, İngiltərə, Yunanıstan və Kiprdəki türk və yunan nümayəndələrinin imzaladığı Zürih və London müqavilələrinə əsasən, 1960-cı ilin 15 avqustunda Qıbrız respublika quruluşunu elan etdi və bu 3 ölkə yeni Kipr dövlətinin qaranti ölkələri oldu. 

***

  15 avqust 1969-cu ildə “Woodstock” Musiqi və Sənət Festivalı 400 min adamın iştirakıyla Nyu Yorkda başladı və 3 gün davam etdi.

***

15 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Məşhur ingilis yazıçısı, milliyyətcə şotland olan Volter Skott (Walter Scott) 1771-ci ilin bu günü anadan olub.

  Şotland xalq nəğmələrini toplamaqla yaradıcılığa başlayan Volter ilk dövrlərdə epik poemalar yazıb. O, 30-dan çox roman və povestin müəllifidir. “Ueverli”, “Puritanlar”, “Rob Roy” romanları şotland xalqının milli istiqlaliyyət mübarizəsinə həsr olunub. “Ayvenqo”, “Abbat”, “Kventin Dorvard”, “Parisli qraf Robert” romanları isə Avropa ölkələrinin tarixindən bəhs edir. Böyük yazıçının “Napoleon Bonapartın həyatı”, “Şotlandiyanın tarixi”, “Lord Bayronun ölümü” kimi tanınmış tarixi-ədəbi əsərləri də var. (1771-1832)

***

  Dünyanın ən böyük sərkərdələrindən olan, Fransanın dövlət xadimi Napoleon Bonapart 1769-cu ilin 15 avqustunda Korsika adasında doğulub.

  30 yaşında (1799) iri burjuaziyanın köməyi ilə dövlət çevrilişi edərək ölkədə hərbi burjua diktaturası yaradıb, 45 yaşında (1814) özünü Fransa imperatoru elan edib.

  Fransa ordusunun strategiya və taktikasını daha da təkmilləşdirən Napoleon dünya hərb sənəti tarixində görkəmli yer tutur. Lakin 1815-ci ildə Vaterloo döyüşündə ağır məğlubiyyətdən sonra ömürlük Müqəddəs Yelena adasına sürgün olunub və 1821-ci il mayın 5-də orada 57 yaşında vəfat edib. (1769-1821)

***                             

  1905-1911-ci illər İran inqilabının və Cənubi Azərbaycanda demokratik hərəkatın rəhbərlərindən biri, xalq qəhrəmanı Səttarxan 1867-ci il 15 avqustda dünyaya gəlib.

  Gənc yaşlarından şah üsuli-idarəsinə qarşı döyüşən, 1905-ci ildən inqilabi hərəkata qoşulan, Təbrizin Əmirəqız məhəlləsi mücahidlərinin başçısı və “Həqiqət” Əncüməninin üzvü olan Səttarxan 1908-ci ildə 40 minlik şah qoşununu məğlubiyyətə uğradıb.

  Üsyan yatırıldıqdan sonra Səttarxan 100 nəfərlik fədai dəstəsi ilə Tehrana gedib. Elə həmin il hökumət qoşunları qəflətən hücumla fədailəri tərksilah edib, Səttarxan ağır yaralanıb və uzun sürən xəstəlikdən vəfat edib. (1867-1914)

***



Әlaqәli Xәbәrlәr