Tarixdə bu gün: 4 avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1464034
Tarixdə bu gün: 4 avqust

***

  Rusiya-Osmanlı müharibəsi zamanı - 1774-cü ilin bu günü Krımda Aluşta yaxınlığında rus ordusunun 29 yaşlı zabiti Mixail Kutuzov ağır yaralandı. Hərbi raportda bildirilirdi: “Güllə onun gözü ilə kipriyi arasından keçərək sifətinin digər tərəfindən çıxıb. Bu ağır yaraya baxmayaraq, Kutuzov sağalıb, lakin sağ gözündən məhrum olub. Rusiya çariçası II Yekaterina ona 1000 çervon və “Müqəddəs Georgi” ordeni verib, həmçinin Kutuzovu 1 il müddətinə maaşı saxlanılmaqla müalicəyə göndərməyi tapşırıb”. 

***

  1791-ci ilin 4 avqustunda Bolqarıstanın Sistovo şəhərində Osmanlı və Avstriya-Macarıstan imperiyaları arasında Ziştovi Sülh Müqaviləsi imzalandı. Avstriya bu müharibədə ələ keçirdiyi bütün torpaqları Türkiyəyə qaytardı. Xotin mahalı və qalası isə Rusiya-Osmanlı müharibəsi qurtardıqdan sonra Türkiyəyə verildi.

***

  4 avqust 1914-cü ildə İngiltərə tərəfindən Almaniyaya müharibə elan olundu. Bununla Fransadan sonra İngiltərə də Birinci Dünya Müharibəsinə qatıldı və Almaniya ilə müttəfiqlərinə döyüş elan etdi.

 ***

  1971-ci ilin 4 avqustunda Avropa İqtisadi Birliyi Ortaq Bazara Keçid Protokolu qüvvəyə mindi.

***

  4 avqust 1976-cı ildə İspaniya kralı Xuan Karlos (Juan Carlos) siyasi məhbusları əfv edərək Franko (Franco) rejimindən sonra yeni konstitusiya prosesinə başladı.

***

  Türkiyə rejissoru, ssenari müəllifi və yazıçısı Safa Önal filmə çəkilmiş 395 ssenarisi ilə 2005-ci ilin 4 avqustunda “Guinnes” rekordlar kitabına düşdü.

***  

 

4 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  İngilis şairi, romantizm cərəyanının görkəmli nümayəndəsi Persi Biş Şelli (Percy Bysshe Shelley) 1792-ci ilin bu günü anadan olub.

  “Ateizmin zəruriliyi” kitabçasına görə Oksvord Universitetindən qovulan, təqib edilən Şelli 1818-ci ildə İngiltərəni həmişəlik tərk edərək İtaliyaya köçüb. Onun “Kraliça Mab” alleqorik əsərində cəmiyyətin naqislikləri ifşa olunur.

  “Çençi”, “Azad edilmiş Prometey”, “İslamın üsyanı”, “Ellada” əsərləri məşhur olan Persi Bişi Şellinin yaradıcılığında Şərq xalqlarının milli istiqlaliyyəti mühüm yer tutur. (1792-1822)

***

  Azərbaycan ədəbiyyatında uşaqların həyatından bəhs edən ilk kitabın müəllifi, görkəmli maarifçi, alim və yazıçı Mirzə Əbdürrəhim Talıbov 1834-cü il 4 avqustda doğulub. İlk təhsilini Təbrizdə alıb, fars və ərəb dillərini mükəmməl mənimsəyib. 30 yaşında Rusiyaya köçüb, orada rus, ingilis və fransız dillərini öyrənib. Dağıstanda xalq maarifi sahəsində mühüm işlər görüb. 

  Onun Yaxın və Orta Şərqdə şöhrət qazanan “Talibinin gəmisi, yaxud Əhmədin kitabı” əsəri Azərbaycan ədəbiyyatında uşaqların həyatından bəhs edən ilk kitabdır. (1834-1911)

***

  "Aclıq" kitabıyla dünya şöhrəti qazanan və 1920-ci ildə Nobel Ədəbiyyat Mükafatını qazanan Norveç yazıçısı Knut Hamsun 1859-cu ilin bu günü anadan olub. (1859 -1952)

***

  Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Məmmədrza Şeyxzamanov 1915-ci ilin 4 avqustunda dünyaya gəlib. Aydın diksiya, geniş diapazona malik olan sənətkarın yaradıcılığı üçün milli kolorit, orijinallıq, yaratdığı xarakterlərin psixoloji xüsusiyyətlərinə nüfuz etmək bacarığı səciyyəvi idi. (1915-1984)

***

  4 avqust Türkiyənin görkəmli dövlət xadimi Ənvər Paşanın xatirə günüdür.

  1880-ci ildə İstanbulda anadan olan Ənvər hərbi təhsil alıb, Birinci Dünya Müharibəsində iştirak edib, 1914-cü ildə Osmanlı ordusunun baş qərargah rəisi, 1917-ci ildə hərbi nazir vəzifələrində çalışıb. O, 34 yaşında general-mayor, 36 yaşında isə general-leytenant rütbəsinə yüksəlib. 

  1918-ci ildə erməni daşnaklarının soyqırımına məruz qalmış Azərbaycan xalqına hərbi yardım göstərilməsinin əsas təşkilatçılarından biri olan, Qafqaz İslam ordusunun təşkili və qarşısında duran vəzifələr haqqında təlimnamə hazırlayan Ənvər Paşa elə həmin il Bakının erməni-rus birləşmələrindən azad edilməsində mühüm xidmətlər göstərib. 

  Türk generalı 1922-ci ildə Türküstanda rus-bolşevik işğalçılarına qarşı azadlıq mübarizəsində iştirak edib və

avqustun 4-də Tacikistanda gedən döyüşlərin birində həlak olub. (1880-1922)

***

  Amerika Birləşmiş Ştatlarının ilk qaradərili prezidenti Barak Obama 1961-ci ilin 4 avqustunda Havay adalarının

Honolulu şəhərində dünyaya gəlib.

 

*** 

 



Әlaqәli Xәbәrlәr