Tarixdə bu gün: 2 avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1463880
Tarixdə bu gün: 2 avqust
Leyla Bədirbəyli.jpg

***

  Lüis Kerrollun (Lewis Carroll) yazdığı və uşaq ədəbiyyatının klassikləri arasında yer alan "Alisa möcüzələr diyarında" kitabı ilk dəfə 1865-ci ilin bu günü işıq üzü gördü.

***

  2 avqust Azərbaycan Kinosu günüdür. 

  1898-ci ilin bu günü Bakıda çəkilən ilk kino-süjetlərin kütləvi nümayişi təşkil olunub. Həmin dövrdə “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və başqa sənədli filmlər tamaşaçılara təqdim edilib.  

  1915-ci ildə isə Qafqazda Pirone qardaşları Bakı, Tiflis və İrəvan şəhərlərində prokat kontorları yaradıblar. Elə həmin il İbharimbəy Musabəyovun “Neft və milyonlar səltənətində” ilk Azərbaycan bədii filminin çəkilişinə başlanılıb. Filmdə Lütfəli bəy rolunu görkəmli səhnə ustası Hüseyn Ərəblinski oynayıb. Bir il sonra Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilib.

  1919-cu ildə “Azərbaycan müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı tammetrajlı film ekranda nümayiş etdirilib. 

***

  Bütün müxaliflərini kənarlaşdıran Nasist Partiyasının sədri və baş nazir Adolf Hitler 1934-cü ilin 2 avqustunda "Führer" elan olundu. Bununla da Almaniyada İkinci Dünya Müharibəsi ilə nəticələnəcək totalitar rejim dövrü başlandı.

***

  “Böyük üçlüy”ün – SSRİ, ABŞ və Böyük Britaniya rəhbərləri Stalin, Truman və Çörçilin iştirakı ilə Berlin yaxınlığındakı Potstam şəhərciyində 17 gün davam edən konfrans 1945-ci ilin 2 avqustunda başa çatdı. Qalib dövlətlər Almaniyanın gələcəyi barədə qərarlar qəbul etdilər və ölkəni Amerika, İngiltərə, Fransa və SSRİ tərəfindən idarə olunacaq 4 işğal bölgəsinə böldülər. Həmin konfransın qərarına görə, Köninsberq (Kalininqrad) şəhəri və ətrafındakı Şərqi Prussiya əyaləti SSRİ-yə verildi. 

*** 

  2 avqust 1990-cı ildə İraq ordusu Səddam Hüseynin əmriylə Küveytə girdi. ABŞ və müttəfiqləri ondan işğala dərhal son qoymasını istədilər. Səddam Hüseynin bu tələbi rədd etməsi Birinci Körfəz Müharibəsinin başlanmasına səbəb oldu.

***

2 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Məşhur fililoq və türkoloq Viktor Jirmunski 1891-ci ilin bu günü Sankt-Peterburqda dünyaya gəlib.   

  Dilçilik, ədəbiyyat tarixi, folklor və şərqşünaslıq məsələlərinə dair tədqiqatlar aparan alimin türk dilləri, “Manas”, “Alpamış”, “Kitabi Dədə-Qorqud” və “Koroğlu” dastanları haqqında elmi əsərləri var. (1891-1971)

*** 

  2 avqust Azərbaycan teatr səhnəsində çıxış edən ilk qadın xanəndələrdən olan Həqiqət Rzayevanın xatirə günüdür.

  1927-1952-ci illərdə muğam və xalq mahnıları ifaçısı kimi tanınan xanəndənin yaratdığı əsas səhnə obrazları Ərəbzəngi, Leyli, Əsli, Telli, Şahsənəm olub. (1907-1969)

***

  2 avqust Azərbaycanın dünyaşöhrətli dirijor, bəstəkar və ictimai xadimi, SSRİ xalq artisti Niyazinin xatirə günüdür. O, iki dəfə SSRİ Dövlət Mükafatı laureatı adına layiq görülüb. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət (1967) və Beynəlxalq Nehru (1974) mükafatlarını alıb.

  Niyazinin ifaçılıq fəaliyyəti daha çox Azərbaycan Opera və Balet Teatrı ilə bağlıdır. Uzun illər bu teatrın dirijoru, direktoru, bədii rəhbəri və baş dirijoru olub. 1979-cu ildən isə filarmoniyanın direktoru işləyib.

  Orijinal istedada malik sənətkar olan Niyazinin dirijorluğu üçün yüksək musiqi mədəniyyəti, dərin erudisiya və güclü iradə səciyyəvidir. Onun interpretasiyasında klassik və müasir əsərlər ideya-emosional məzmun baxımından dolğun, ifadəli və yüksək temperamentlə səslənib.

  Niyazinin traktovkasında Azərbaycan bəstəkarlarının bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəyovun “Koroğlu” operası Azərbaycan musiqisi “Qızıl fond”una daxil olub. Onun “Rast” simfonik muğamı dramaturji bitkinliyi, güclü təsiri, zəngin melodiyası və ifadəliliyi ilə fərqlənir.

  Qüdrətli sənətkar həm də Azərbaycan xalq mahnılarını simfonik orkestr üçün işləyib, “Rast” və “Şur” muğamlarını nota salıb. (1912-1984)

***



Әlaqәli Xәbәrlәr