Tarixdə bu gün: 28 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1462765
Tarixdə bu gün: 28 iyul

***

  28 iyul Perunun İstiqlaliyyət günüdür.

  Bu əraziyə 1531-ci ildən ispanların müdaxiləsi başlanıb, 13 il sonra isə (1544) Peru İspaniya Vitse-krallığı adlandırılıb.

  Düz 280 il sonra - 1821-ci ilin 28 iyulunda Peru xalqı müstəqilliyini elan edib.    

***

  28 iyul 1698-ci ildə ingilis hərbi mühəndisi və ixtiraçısı Tomas Saveri (Tomas Savery) dünyada ilk buxar maşınına patent aldı.

  Buxar maşını sənayedə kifayət qədər geniş tətbiq olunurdu. Məsələn, onun köməyi ilə şaxtalardan su çıxarılırdı. Patent sənədində belə yazılmışdı: “Bu yeni ixtira su çıxarılması, alovun köməyilə istehsalın bütün növlərinin hərəkətə gətirilməsi üçündür.”

*** 

  1914-cü ilin bu günü Birinci Dünya Müharibəsi başladı. İngiltərə və Fransanın idarə etdiyi Antanta dövlətləri ilə Almaniyanın rəhbərliyindəki İttifaq qüvvələri arasındakı bu müharibə 4 il sürdü.

  1917-ci ildə Amerika Birləşmiş Ştatlarının da qatılması ilə bütün cəbhələrdə uduzan Almaniya və müttəfiqləri sülh müqaviləsi imzalamaq məcburiyyətində qaldı.

  Təxminən 70 milyon əsgərin döyüşdüyü Birinci Dünya Müharibəsində müxtəlif cəbhələrdə 9 milyon hərbçi və on minlərlə sadə vətəndaş həyatını itirdi. Bu müharibənin nəticəsində savaşa qatılan ölkələrin bir çoxunda yeni siyasi hökumətlər meydana gəldi və imperatorluqlar dağılma prosesinə girdi.   

***

  28 iyul 1976-cı ildə Çinin Tanqsan şəhərində 7,8 bal gücündə böyük zəlzələ baş verdi. Minlərlə binanın yerlə yeksan olduğu bu zəlzələdə 240 mindən çox insan həyatını itirdi.

***

28 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri İohann Sebastyan Bax (Johann Sebastian Bach) 1750-ci ilin bu günü 65 yaşında dünyadan köçüb.

  Mindən artıq musiqi əsəri yaratmış Bax yaradıcılığında opera istisna olmaqla, o dövrün bütün məlum musiqi janrlarına müraciət edib, Barokko musiqisinin inkişafına əvəzsiz töhfələr verib.

  İohann Sebastyan Bax həmçinin çoxsəsli (polifonik) musiqinin "atası" sayılır.

  Dahi bəstəkarın ölümündən sonra qoyub getdiyi zəngin musiqi irsi bir müddət diqqətdən kənarda qalıb. XIX əsrdə digər dahi alman bəstəkarı Mendelson Baxın musiqisini yenidən "kəşf edib".

  Bax yaradıcılığı özündən sonra gələn bəstəkarlara böyük təsir göstərib. (1685-1750)

***

  Klassik alman fəlsəfəsinin banilərindən olan Lüdviq Feyerbax 1804-cü ilin 28 iyulunda anadan olub.

  26 yaşında ikən (1830) “Ölüm və ölməzlik” adlı əsərini yazıb. 

  Feyerbax Şegel fəlsəfəsinin əksinə olaraq dinlə fəlsəfəni bir-birinə zidd dünyagörüşü formaları hesab edib. (1804-1872)

***

  28 iyul peşəkar Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, bəstəkar, dirijor Müslüm Maqomayevin xatirə günüdür.

  Qori Seminariyasını bitirdikdən sonra bir müddət Şimali Qafqazda və Lənkəranda müəllim işləyib, oradakı məktəblərdə xor, dram dərnəyi, orkestr təşkil edib.

  Bir çox xalq mahnısını nota salan M.Maqomayev 27 yaşından (1912) ömrünün sonunadək opera tamaşalarının dirijoru olub.  

  Azərbaycanın ilk muğam-operalarından olan “Şah İsmayıl”, Azərbaycan musiqili teatrının inkişafında mühüm mərhələ olan “Nərgiz” operaları və “Radio marşı”nın müəllifidir.

***

  Adı dünya neft tarixiTümenin (Rusiya) zəngin sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olan Azərbaycanın görkəmli neftçi, mühəndis-geoloq alimi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Fərman Salmanov 1928-ci ilin bu günü anadan olub.  

  Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra bir müddət geoloji ekspedisiyada çalışıb. 31 yaşından (1959) Tümen Ərazi Geologiya İdarəsi Surqut Neft Kəşfiyyatı Ekspedisiyasına rəhbərlik edib, Qərbi Sibirdə ilk neft yataqlarını üzə çıxarıb.

  Fərman Salmanov 1987-1991-ci illərdə SSRİ geologiya nazirinin müavini vəzifəsində çalışıb. (1928-2007)

***



Әlaqәli Xәbәrlәr