Tarixdə bu gün: 8 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1448871
Tarixdə bu gün: 8 iyul

***

  Birinci Dünya Müharibəsinin qızğın çağında 1918-ci il iyulun 8-də İtaliyanın şimalındakı Pyave çayı ətrafındakı Fossalt rayonunda Avstriya qoşunlarının müttəfiqlərin mövqelərini atəşə tutduğu zaman Qırmızı Xaç Cəmiyyəti Amerika Hərbi Cəbhəsinin 19 yaşlı sürücüsü ağır yaralanır. Burada o, 26 yaşlı tibb bacısı Aqnes Korovskiyə vurulur. Lakin qız amerikalı gəncin duyğularına çox həvəssiz cavab verir. Sürücünün təkidlərinə baxmayaraq, bu eşq macərasından heç nə alınmır. Nəhayət, yaraları sağaldıqdan sonra öz vətəni İllinoysa qayıdan amerikalı sürücü qəhrəman kimi qarşılanır və uğursuz məhəbbətini unutmağa çalışır. İtaliyalı tibb bacısı da sürücüyə yazdığı məktubunda bildirir ki, onların arasında hər şey qurtarıb. Bu əhvalat bəlkə də böyük maraq doğurmazdı, lakin illər keçdikdən sonra bu hadisə XX əsrin ən məşhur kitablarından olan “Əlvida, silah” romanında əksini tapdı. Yaralı sürücünün adı isə Ernest Heminquey idi.

***

  Türkiyə, İran, İraq və Əfqanıstan arasında 1937-ci ilin bu günü Sadabad Paktı imzalandı. Atatürkün təklifiylə bu 4 ölkə dünyada artan döyüş təhdidinə qarşı hücum etməmə razılığına gəldilər.   

***

  1944-cü il 8 iyulda SSRİ Ali Soveti Rəyasət Heyəti “Qəhrəman ana” fəxri adı və ordenini, eləcə də “Analıq şöhrəti” ordeni və “Analıq medalı”nı təsis etdi.

  “Qəhrəman ana” ordeni 10 uşaq doğub tərbiyə edən analara verilirdi.

  İkinci Dünya Müharibəsindən sonra Azərbaycanda da “Qəhrəman ana” fəxri adına və ordeninə layiq görülənlər az olmayıb.

*** 

  8 iyul 1982-ci ildə İraq prezidenti Səddam Hüseynə qarşı şiələrin yaşadığı Duceyl qəsəbəsində sui-qəsd cəhdi edildi. Cəhddən sonra qəsəbəyə girən İraq ordusu 148 nəfəri öldürdü. Bu hadisə İraqın işğalından sonra Səddam Hüseynə qarşı məhkəmə işinin açılmasına və Duceyl qırğınına görə onun 2006-cı ilin 30 dekabrında edam edilməsinə səbəb və bəhanə oldu.

***

8 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Təmsil (fabl) janrında yazdığı əsərlərilə dünya şöhrəti qazanan, 238 nağılını 12 kitabda toplayan, uşaq ədəbiyyatının əvəzedilməz adlarından olan yazıçı Jan de la Fonten (Jean da La Fontaine) 1621-ci ilin bu günü Fransada anadan olub. (1621-1695)

*** 

  Amerika Birləşmiş Ştatlarının məşhur sənayeçisi və dövlət xadimi Nelson Rokfeller 1908-ci ilin 8 iyulunda doğulub.

  Rokfeller nəslinə məxsus neft şirkətləri və bankların fəaliyyəti ötən əsrin 40-cı illərində Amerika iqtisadiyyatının tərəqqisinə güclü təsir göstərib.

  Nelson Rokfeller Amerikanın siyasi həyatında da fəal iştirak edib. (1908-1979)

***

  Azərbaycanın tanınmış dilçi alimi Əbdüləzəl Dəmirçizadə 1909-cu il 8 iyulda dünyaya gəlib.

  Ə.Dəmirçizadə Azərbaycan ədəbi dili tarixi, müasir Azərbaycan dilinin fonetikası, üslubiyyəti, etimologiyası və başqa sahələrinə dair əsərlərin, o cümlədən orta və ali məktəb dərsliklərinin müəlifidir. (1909-1986)

***

  Tanınmış ingilis yazıçısı Riçard Oldinqton 1982-ci ilin 8 iyulunda anadan olub. Özünəməxsus yazı üslublu romanları ilə Oldinqton ingilis ədəbiyyatının sonrakı inkişafına güclü təsir göstərib. (1892-1962)

***                                  

  İngiltərənin böyük istedad və nüfuza malik aktrisalarından olan, “Vaterloo körpüsü”, “Ledi hamilton” kimi filmlərilə daha çox yaddaşlarda qalan Vivyen Li (Vivien Leigh) 1967-ci ilin bu günü 54 yaşında həyatdan köçüb. Onun şöhrəti heç vaxt qalmaqallı hadisələrlə müşayiət olunmayıb. (1913 -1967)

***



Әlaqәli Xәbәrlәr