Tarixdə bu gün: 25 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1422822
Tarixdə bu gün: 25 may
1920_Gəncə üsyanı_01.jpg

*** 

  25 may Gəncə üsyanının ildönümüdür.

  1920-ci il mayın 25-dən 26-na keçən gecə Azərbaycan milli ordusunun Gəncədəki 3-cü alayı Sarı Ələkbər və Qaçaq Qəmbərin dəstələrilə birlikdə 11-ci Qızıl Ordu hissələrini tərksilah edərək 10 gün ərzində şəhəri əllərində saxladılar.  

  Üsyan vaxtı bütün hərbi əməliyyatlara generallar Cavad bəy Şıxlinski, Məmməd Mirzə Qacar və polkovnik Cavanşir bəy Kazımbəyli rəhbərlik edirdilər.

  Rusiya sovet qüvvələri bir neçə alaydan ibarət 3 minə yaxın əskər və zabitə, həmçinin ağır texnikaya malik olsalar da, ilk günlər ciddi itkilər verib geri çəkilməyə məcbur oldular.

  Gəncənin mərkəzindəki həbsxanaya salınmış günahsız insanları Qaçaq Qəmbər və Sarı Ələkbərin dəstələri azad etdilər. Polkovnik Cavanşir bəyin alayı isə əsl qəhrəmanlıq göstərərək 11-ci ordudakı bolşebik dəstələrini tərksilah edib həbsxanaya saldı.

  Şəhərin dəmiryolu vağzalına xeyli zirehli texnika toplamağa nail olan 11-ci Qızıl Ordu birləşmələri oradan intensiv atəş yağdırır və qədim Gəncəni xarabazara çevirirdilər.

  Üsyançılar son dərəcə ağır şəraitdə olmalarına baxmayaraq, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci ildönümünü qeyd etdilər.

  Gəncənin hər yerində qan su yerinə axırdı. Üsyançılar bir an belə mübarizəni dayandırmayıb düşmənə ağır zərbələr endirirdilər. Lakin 11-ci Qızıl ordu komandiri Vetikanovun Qazax tərəfdən yeni diviziyaları vağzala toplaması, eləcə də fövqəladə komissar Həmid Sultanovun həbsxanada saxlanılan 2 min bolşevik əskər və zabitini azadlığa buraxması üsyançılara arxadan zərbə oldu. Bundan sonra bolşeviklərin şəhərə güclü hucumu başladı.

  Rəsmi məlumata görə, Gəncə üsyanı zamanı 10 min bolşevik, 12 min isə cəsur üsyançı döyüşçü həlak olub. Bununla belə 1950-ci ilədək üsyançıların həbs edilməsi və sürgünə göndərilməsi ara verməyib.

   1920-ci il Gəncə üsyanı Azərbaycan Milli Azadlıq Hərəkatı tarixinə qızıl hərflərlə yazılan tarixi rəşadət səhifəsidir.

***

  Həbəşistan (Abyssinian) imperatoru Hayle Selassienin (Haile Selassie) təşəbbüsü ilə müstəqilliyini qazanmış Afrika ölkələri 1963-cü ilin 25 mayında ilk dəfə birlik yaratdılar. Bu Afrika Birliyi Təşkilatı qurularkən ona 30 Afrika ölkəsi qatıldı. 2002-ci ildən Afrika Birliyi adlandırılan və mərkəzi Adis Ababda yerləşən bu təşkilat hal-hazırda bütün Afrika qitəsi ölkələrini öz damı altında toplayıb.

*** 

  1977-ci ilin 25 mayında fantastik kino sənətinin şah əsərlərindən olan "Ulduz müharibələri" seriyasından ilk film - "Yeni bir ümid" ilk dəfə kinosevərlərə təqdim olundu.

  Ssenari müəllifi və rejissoru Corc Lukas (George Lucas) 11 milyon dollara çəkdiyi cə 7 “Oscar” mükafatı qazandığı bu filmlə bütün reytinqləri alt-üst edərək büdcəyə 798 milyon dollar gəlir gətirdi.

***  

25 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın, eləcə də keçmiş SSRİ-nin ən məşhur geoloq alimlərindən biri, akademik Baba Babazadə 1911-ci ilin bu günü Bakının Ramana kəndində anadan olub.

  Azərbaycanın bir çox neft rayonlarını məhz B.Babazadə kəşf edib. O, neftçilər arasında Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən ilk geoloq alimdir. (1911-1962)      

***

  Küncüt yağı, qarğıdalı saçağı və zirinc yarpağı ekstratları, gilab və İstisu həblərini təklif etmiş tanınımış əczaçı, Azərbaycan dilində əczaçılığa dair ilk dərsliyin müəllifi, professor Rüstəm Əliyev 1919-cu il 25 mayda dünyaya gəlib.   

  Bakı Əczaçılıq Məktəbi tədqiqatları əsasən Azərbaycanın dərman sərvətlərinin araşdırılması ilə bağlı olan Rüstəm Əliyevin adını daşıyır. (1919-1966)

***

  Azərbaycanda iqtisadiyyat elminin inkişafı və yüksək ixtisaslı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan akademik Əhməd Mahmudov 1923-cü ilin bu günü anadan olub. Alimin bütün elmi fəaliyyəti Elmlər Akademiyasının iqtisadiyyat bölməsi və 1958-ci ildə bu bölmənin əsasında yaradılmış İqtisadiyyat İnstitutu ilə bağlıdır. (1923- 1989)

***

  Türkiyə ədəbiyyatının görkəmli simalarından olan şair Necip Fazıl Kısakürek 1983-cü ilin 25 mayında 79 yaşında İstanbulda dünyasını dəyişib. (1904-1983)



Әlaqәli Xәbәrlәr